Albaniya Azərbaycanın “elektron hökumət” modelindən yararlana bilər

Albaniya Azərbaycanın “elektron hökumət” modelindən  yararlana bilər
# 26 sentyabr 2014 12:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Albaniyanın İnnovasiya və dövlət idarəçiliyi naziri Milena Harito Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Ə. Abbasov Azərbaycanda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən islahatlar, regional və beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan uğurlarla bağlı qonağa ətraflı məlumat verib. O, albaniyalı həmkarını iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək məqsədilə bu ilin 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya İqtisadi Forum və Azərbaycan hökumətinin iştirakı ilə reallaşacaq “Əşyaların İnterneti” beynəlxalq tədbirinin Nazirlər Konfransına dəvət edib.

Görüşdə M. Haritonun Azərbaycana edəcəyi növbəti səfərində iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb.

M. Harito isə öz növbəsində Azərbaycanın elektron hökumət, informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədbirlərin Qərbdə, xüsusilə də Albaniyada böyük maraqla izlənildiyini qeyd edib. O, rəsmi Bakının uğurlu təcrübəsindən yararlanmağın Albaniya üçün faydalı olacağını bildirib.

Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində Albaniya tərəfinin maraqlı olduğunu bildirən M. Harito ölkəsinə qayıtdıqdan sonra yerli İT şirkətlərini “Bakutel” sərgi-konfransında iştirakla bağlı məlumatlandıracağını deyib.

Azərbaycan haqqında geniş məlumat əldə etməsindən məmnunluğunu ifadə edən M. Harito gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR