Bank Of Baku

Dövlət Xidməti: WUF13 çərçivəsində müzakirələr şəhər təhlükəsizliyində müasir yanaşmaların formalaşmasına töhfə verəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev

© APA | Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev

# 14 may 2026 16:22 (UTC +04:00)

“Müasir şəhər anlayışı artıq təkcə gözəl memarlıq və inkişaf etmiş infrastruktur demək deyil. Bu gün şəhərlərin əsas keyfiyyət göstəricilərindən biri onların təhlükəsizlik səviyyəsidir. İnsanların yaşadığı, çalışdığı və istirahət etdiyi mühit nə qədər müasir olursa olsun, əgər həmin mühit təhlükəsiz deyilsə, dayanıqlı inkişafdan danışmaq mümkün deyil”.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda keçirilən dəyirmi masa barədə danışarkən deyib.

Cəmil Xudiyev qeyd edib ki, şəhərsalma fəaliyyətində yanğın təhlükəsizliyinin təmin olunması xüsusi strateji əhəmiyyət daşıyır: "Son illər dünyada sürətli urbanizasiya prosesi müşahidə olunur. Əhali sıxlığının artması, çoxfunksiyalı komplekslərin, hündürmərtəbəli yaşayış binalarının, iri ticarət və logistika mərkəzlərinin tikilməsi yanğın təhlükəsizliyi sahəsində yeni çağırışlar formalaşdırır. Xüsusilə böyük şəhərlərdə bir ərazidə on minlərlə insanın cəmləşməsi mümkün fövqəladə hadisələrin nəticələrini daha ağır və genişmiqyaslı edə bilir. Yanğın təhlükəsizliyi məsələsi yalnız fövqəladə hadisəyə müdaxilə ilə məhdudlaşmır. Əsas məqsəd yanğının baş verməsinin qarşısının alınması, risklərin qabaqcadan qiymətləndirilməsi, idarə olunması və insanların təhlükəsiz təxliyəsinin təmin edilməsidir. Bu səbəbdən şəhərsalma fəaliyyətinin bütün mərhələlərində təhlükəsizlik prinsipləri əsas prioritet kimi nəzərə alınmalıdır".

O da vurğulanıb ki, müasir şəhərlərdə yanğın təhlükəsizliyinin təmin edilməsində layihələndirmə mərhələsi həlledici rol oynayır.

C.Xudiyev müasir urbanizasiyanın yeni texnologiyaların tətbiqini zəruri etdiyini bildirib: "“Ağıllı şəhər” konsepsiyası çərçivəsində yanğın təhlükəsizliyi sistemlərinin rəqəmsal platformalarla inteqrasiyası artıq beynəlxalq təcrübədə geniş tətbiq olunur. Ölkəmiz isə bu ideologiyaların reallaşdırılmasında işğaldan azad edilmiş əbədi torpaqlarımızda real nümunələr nümayiş etdirməkdədir. Yeni yaradılan yaşayış məntəqələrində ağıllı sensor sistemlərinin tətbiqi, məsafədən monitorinq imkanları, erkən xəbərdarlıq mexanizmləri, alternativ enerji mənbələrinin tətbiq olunduğu ağıllı kənd layihələrimiz müasir şəhərsalma fəlsəfəsinə bariz nümunədir. Bu imkanlar isə yanğın risklərinin minimuma endirilməsində mühüm rol oynayır".

Qeyd olunub ki, xüsusilə hündürmərtəbəli binalar, metro infrastrukturu, tunellər, iri ticarət mərkəzləri və kütləvi toplaşma obyektlərində innovativ təhlükəsizlik həllərinin tətbiqi artıq zərurətə çevrilmişdir. Digər mühüm məsələ təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır: "Əminəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyası çərçivəsində aparılan müzakirələr, beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq təşəbbüsləri şəhər təhlükəsizliyi sahəsində daha müasir yanaşmaların formalaşmasına, dövlət nəzarəti mexanizmlərinin və bu masada iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının qarşılıqlı koordinasiyalı fəaliyyətinin daha da təkmilləşdirilməsinə və insan həyatının daha etibarlı qorunmasına mühüm töhfə verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR