Əlilliyi olan şəxslər idarəetməyə daha geniş cəlb edilməlidir.
APA xəbər verir ki, bunu UCLG-nin əlçatanlıq siyasəti üzrə eksperti Federiko Batista Poitier WUF13 çərçivəsində əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada çıxışında deyib.
Əlilliyi olan şəxslərin təşkilatlarının bir sıra şəhərlərdə idarəetmə proseslərində kifayət qədər təmsil olunmadığını qeyd edən ekspert bu qrupların qərarvermə mexanizmlərinə daha fəal inteqrasiyası istiqamətində beynəlxalq səviyyədə işlər aparıldığını deyib.
Poitier həmçinin “Cities for All” qlobal təşəbbüsünün şəhərlərdə inklüzivlik və əlçatanlıq siyasətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Ekspert əlavə edib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası mühüm hüquqi baza olsa da, əsas məqsəd onun prinsiplərinin yerli idarəetmə səviyyəsində konkret mexanizmlərə çevrilməsidir.
Onun fikrincə, şəhərlərin təqdim etdiyi xidmətlər hər bir vətəndaş üçün əlçatan olmalı və inklüziv şəkildə qurulmalıdır.