Qlobal öhdəliklərin yerinə yetirilməsi kollektiv fəaliyyət, güclü çoxtərəfli əməkdaşlıq və Cənub-Cənub tərəfdaşlığının genişləndirilməsini tələb edir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Hindistanın Mənzil və Şəhər İşləri Nazirliyinin katibi Kuldip Narayan bildirib.
O, Azərbaycan hökumətinə və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramına forumun təşkilinə görə təşəkkür edib.
Kuldip Narayanın sözlərinə görə, Hindistanın urbanizasiya strategiyası münasib qiymətli mənzil, su və kanalizasiya infrastrukturu, iqlim uyğunlaşması, rəqəmsal həllər və dövri iqtisadiyyat prinsiplərinə əsaslanır.
Narayan bildirib ki, Hindistan dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində topladığı təcrübəni digər ölkələrlə bölüşməyə hazırdır.