Cəmi dörd ildən sonra Afrikada təxminən bir milyard insan şəhərlərdə yaşayacaq.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı və İnklüziv Şəhərlərin İnkişafında Gənclər və Vətəndaş Cəmiyyəti Liderliyi" adlı tədbirdə Kounkuey Dizayn Təşəbbüsünün (Keniya) İcraçı direktoru Vera Bukachi bildirib.
Onun sözlərinə görə, Afrika sakinlərinin yarıdan çoxu 35 yaşdan aşağı olacaq. Lakin bu insanlar çox vaxt torpaqdan, imkanlardan və öz məhəllələrinin gələcəyini formalaşdıran qərarlardan kənarda qalırlar.
"Biz illərlə bəyanatlar, çərçivə sənədləri və müzakirələr görmüşük. Bu gün çatışmayan əsas məsələ isə davamlı praktikadır - gənclərin və vətəndaş cəmiyyətinin prosesin mərkəzində olmasıdır", - Vera Bukachi qeyd edib.
O əlavə edib ki gənclər sadəcə faydalanan tərəf kimi deyil, birgə layihələndirən, birgə həyata keçirən, hüquq sahibi və şəhər dəyişikliklərinin ortaq icraçıları kimi qəbul olunmalıdırlar.