Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ölkənin mənzil sektoruna dəyən birbaşa zərərin həcmi 60 milyard ABŞ dollarını ötüb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba bildirib.
Onun sözlərinə görə, mənzil fondunun bərpası üçün tələb olunan vəsait 88 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
“Mənzil sektoruna dəyən zərər 60 milyard ABŞ dollarından çoxdur, bərpa ehtiyacları isə 88 milyard ABŞ dolları təşkil edir”, – Oleksiy Kuleba qeyd edib.
Baş nazirin müavini bildirib ki, Ukraynanın infrastruktur sektorlarına ümumilikdə dəyən zərərin həcmi 195 milyard ABŞ dollarını ötür.
O vurğulayıb ki, Ukrayna dörd ildən artıqdır davam edən tammiqyaslı müharibə şəraitində insanlarını, mənzil fondunu, sənaye aktivlərini, enerji güclərini və insan kapitalını itirir: “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ölkənin mənzil fondunun təxminən 40%-i zədələnib və ya tamamilə dağıdılıb. Bu göstəriciyə 338 mindən çox fərdi ev və 41 mindən çox çoxmənzilli bina daxildir”.
Baş nazirin müavini əlavə edib ki, müharibədən zərər çəkmiş 4,6 milyondan çox ukraynalı evlərini tərk edərək daha təhlükəsiz regionlara köçməyə məcbur olub. O vurğulayıb ki, Ukrayna üçün mənzil insanların geri qayıtması, icmaların qorunması və sosial sabitliyin təmin olunması üçün fundamental şərtdir.
Aleksey Kuleba qeyd edib ki, Ukrayna aktiv müharibə şəraitində bərpa işlərini davam etdirir və təhlükəsizlik, inklüzivlik, enerji səmərəliliyi və rəqəmsal həlləri özündə birləşdirən yeni şəhər modeli formalaşdırır.
Kuleba forumun təşkilinə görə Azərbaycan hökumətinə və BMT-Habitat təşkilatına təşəkkür edib.
O, Prezident İlham Əliyevi və Mehriban Əliyevanı bir daha salamlayıb, WUF13-ün təşkili münasibətilə təbriklərini çatdırıb.