"Dekarbonizasiya səyləri yalnız yeni binalara yönələ bilməz, çünki gələcək onilliklərdə insanların yaşayacağı və işləyəcəyi binaların böyük hissəsi artıq mövcuddur”.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının təşkilatçılığı ilə keçirilən "Şəhər–Sənaye–İqlim Əlaqəsi Kontekstində Mənzil və Binaların Dekarbonizasiyası" adlı tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatı Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova deyib.
O bildirib ki, diqqət yalnız yeni tikililərlə məhdudlaşmamalıdır: “Mövcud mənzil fondu — xüsusilə köhnə binalar enerji səmərəliliyi tədbirləri həyata keçirilmədiyi halda uzun illər enerji istehlak etməyə davam edəcək.
Binalar ayrı-ayrı aktivlər deyil. Onlar daha geniş şəhər, sənaye və enerji ekosistemlərinin bir hissəsidir. Xüsusilə sürətlə urbanizasiya olunan, əhalisi artan və böyük mövcud mənzil fonduna malik ölkələrə baxdıqda, bir sıra tədbirlər həm yüksək təsir göstərməsi, həm də genişmiqyaslı və sərfəli olması ilə seçilir.
İlk olaraq binanın istiqamətləndirilməsi, təbii havalandırma, kölgələndirmə, izolyasiya, gün işığından optimal istifadə və iqlimə uyğun dizayn prinsipləri enerji sistemləri tətbiq olunmadan əvvəl enerji tələbatını əhəmiyyətli dərəcədə azalda bilər.
İkinci, bina örtüklərinin təkmilləşdirilməsidir. İzolyasiya, enerji səmərəli pəncərələr, dam sistemləri və istilik itkisinin azaldılması tədbirləri xüsusilə mövcud binalar üçün ən yüksək təsirli həllər sırasındadır. Regionumuzdakı bir çox ölkədə retrofitting vasitəsilə dərhal və ölçülə bilən nəticələr əldə edilə bilən köhnə mənzil fondu mövcuddur.
Üçüncü, təmiz enerji sistemlərinin inteqrasiyası təmin olunmalıdır. Yəni damüstü günəş panelləri, mərkəzləşdirilməmiş enerji sistemləri, rayon istilik və soyutma sistemləri, ağıllı idarəetmə və rəqəmsal enerji idarəetməsi binaları passiv enerji istehlakçısından aktiv enerji iştirakçısına çevirə bilər".