Bank Of Baku

Tomas Hammarberq: “Azərbaycanla bağlı bəzi məqamlar bizi narahat edir”

Tomas Hammarberq: “Azərbaycanla bağlı bəzi məqamlar bizi narahat edir”
# 25 iyun 2008 17:21 (UTC +04:00)
O, Azərbaycanda keçiriləcək prezident seçkilərinin mühüm siyasi hadisə adlandırıb və seçkilərdən sonra ölkəmizə səfər edəcəyini bildirib: “Çünki seçkilərdən öncə və seçki zamanı insan hüquqlarının monitorinqi ilə ATƏT-in Varşava bürosu və AŞ PA kimi qurumlar məşğuldur. Keçən il Azərbaycanla bağlı hesabat hazırlamışdım və orada əsas məsələlər, tövsiyələr öz əksini tapıb. Mən bu hesabatla bağlı bir neçə əsas məqama toxunmaq istəyirəm. Bunlardan biri ədliyyə sistemində olan problemlərlə bağlıdır. Gələn həftə Avropa Şurasının saytında mənim ədliyyə və məhkəmə sistemlərində korrupsiyanın olması ilə bağlı məqaləm dərc olunacaq və bu məqalədə Azərbaycanla bağlı bəzi fikirlər öz əksini tapacaq. İkinci ciddi məsələ Qobustan həbsxanasında saxlanan ömürlük azadlıqdan məhrum edilmiş məhbusların taleyi ilə bağlıdır. Söz azadlığı ilə bağlı durum da narahatlıq doğurur”. Tomas Hammarberq jurnalist Eynulla Fətullayevin hələ də həbsdə olmasından narahat olduğunu bildirib və buna təəssüfləndiyini deyib: “Azərbaycanla bağlı bizi narahat edən məqamlar var, lakin bir komissar olaraq öz işimi konstruktiv məcrada qurmağa çalışıram. Biz Azərbaycan hökuməti ilə daim təmasdayıq. Sadəcə bundan sonra təkid etməliyik ki, bizim irəli sürdüyümüz tövsiyələr qəbul edilsin. Siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ilə bağlı tövsiyələrimizin nəzərə alınmaması da bizi narahat edir”. Tomas Hammarberq Azərbaycana son səfəri zamanı iki qaçqın düşərgəsinə baş çəkdiyini onların yaşayışı ilə maraqlandığını bildirib: “Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı nəzərə çarpan dəyişiklik onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Bununla belə təbii ki, məcburi köçkünlərin və qaçqınların öz yurdlarına qayıtmaq hüququ var və bu hüquq təmin olunmayıb. Bu hüququn təmin olunması üçün ilk növbədə münaqişə həll edilməlidir və bu münaqişənin həllində Avropa Şurasının rolu azdır. Nizamlanma prosesi ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz bu danışıqların gedişinə heç bir təzyiq göstərə bilmərik. Amma Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa, onların geri dönmək hüququnu təmin etmək çətin olacaq”. Ermənistanda insan hüquqlarının durumuna toxunan Tomas Hammarberq AŞ PA-nın aprel ayında bu ölkə ilə bağlı xüsusi qətnamə qəbul etdiyini xatırladıb. O, Ermənistana insan hüquqları sahəsində vəziyyəti düzəltmək üçün vaxt verildiyini, lakin bu sahədə vəziyyətin dəyişmədiyini bildirib. Tomas Hammarberq AŞ PA-nın yay sessiyasında Ermənistanla bağlı fövqəladə müzakirələrin keçirilməsini bu tövsiyələrin yerinə yetirilməməsi ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR