Bank Of Baku

Novruz Məmmədov: “Medvedyevin Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü çox səmərəli ola bilər”

Novruz Məmmədov: “Medvedyevin Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü çox səmərəli ola bilər”
# 21 oktyabr 2008 15:27 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya prezidenti Dmitri Medvedyevin yaxın günlərdə onun, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada üçtərəfli görüşünün keçiriləcəyi barədə bu gün İrəvanda verdiyi bəyanata münasibət bildirərkən deyib.

N. Məmmədov hesab edir ki, Rusiya prezidenti İrəvanda Ermənistan prezidenti ilə danışıqlardan sonra belə fikrə gəlib: “Belə bir qərar olarsa, Rusiya prezidentindən rəsmi təklif gələcək, o zaman da biz konkret mövqe bildirəcəyik. Prinsip etibarı ilə indi gedən proseslər, xüsusilə avqust ayında baş vermiş hadisələrdən sonra münaqişələrin qalmasının, təhlükənin qalması demək olduğu regionda və dünyada hamıya birdəfəlik aydın oldu. Hamı artıq anlayır ki, təhlükələrin birdəfəlik sovuşması üçün münaqişələri həll etmək lazımdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Ermənistan tərəfi müdriklik və qətiyyət nümayiş etdirərək, münaqişənin həlli üçün konstruktiv mövqe tutmalıdır”.

Ermənistan prezidenti Serj Sərkisyanın “Erməni tərəfi danışıqların Dağlıq Qarabağın öz müqəddəratını həll etməyə imkan verən “Madrid prinsipləri” əsasında davam etdirilməsinə hazırdır” bəyanatına münasibət bildirən şöbə müdiri Ermənistan prezidentinin öz maraqları çərçivəsində bəyanat verdiyini qeyd edib: “O elə bəyanat verir ki, xalqı, seçiciləri, tərəfdaşları onu ittiham eləməsin.
“Madrid prinsipləri” beynəlxalq hüququ formalaşdıran prinsiplər deyil. Məsələyə beynəlxalq hüquqdan çıxış edərək, Madrid danışıqları əsasında yanaşma ola bilər. Burada isə əgər beynəlxalq hüquqdan söhbət gedirsə, ölkələrin ərazi bütövlüyü birinci sıradadır. Madrid danışıqlarında da bu məsələ belə yer alıb. Amma Ermənistan prezidenti məsələyə başqa cür yanaşır, manevr edir, bunu özünün istədiyi kimi təqdim edir. Əlbəttə, biz bununla heç vaxt razılaşa bilmərik. Dağlıq Qarabağ münaqişəsi prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə məsələsinə də məhz bu çərçivədə baxıla bilər. Bu gün bunu bütün dünya başa düşür. Azərbaycanın ərazi bütövlüyünü Rusiya Federasiyası, eləcə də dünyanın bütün ölkələri tanıyır. Bu məsələnin başqa həll variantı yoxdur”.

D. Medvedyevin İrəvana səfərindən əvvəl mətbuatda Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması və orada Rusiya qoşunlarının yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirən PA rəsmisinin sözlərinə görə, bununla bağlı Azərbaycanla hər hansı müzakirə aparılmır: “Azərbaycanla heç bir müzakirə aparılmadan, rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazisində hansısa qüvvələrin yerləşdirilməsindən söhbət gedə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR