Bank Of Baku

Professorlar Şamil Fətullayev və Kəmal Abdulla Polşanın «Qloria Artis» medalı ilə təltif olunublar

Professorlar Şamil Fətullayev və Kəmal Abdulla Polşanın «Qloria Artis» medalı ilə təltif olunublar
# 01 dekabr 2008 15:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Professorlar Şamil Fətullayev və Kamal Abdulla mədəniyyət sahəsində xidmətlərinə görə Polşa Respublikasının «Qloria Artis» medalı ilə təltif olunub. APA-nın məlumatına görə, tanınmış arxitektor Şamil Fətullayevə medalın təqdim edilməsi mərasimi Polşanın Azərbaycandakı səfirliyində keçirilib. Bakıda səfərdə olan Polşanın mədəniyyət və milli irs naziri Boqdan Zdroyevski Ş. Fətullayevin bu mükafata polyak arxitektorlarının Bakıdakı fəaliyyətləri ilə bağlı apardığı tədqiqat və yazdığı kitablara görə layiq görüldüyunü bildirib. Professor 2 adda kitabını nazirə hədiyyə edib.

Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdullanın təltif olunma mərasimi isə BSU-da Elmi Şuranın iclasında baş tutub. Mərasimdən öncə rektorun kabinetində keçirilən görüş zamanı K. Abdulla BSU-nun Polşanın Varşava və Poznan universitetləri ilə əməkdaşlıq etdiyi, təhsil ocağında polyak dili və mədəniyyəti bölməsinin, Polyak dili və mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi, burada 2 polyak mütəxəssisinin çalışdığı barədə qonağa məlumat verib. Fərqlənin tələbələrin biliklərini təkmilləşdirmək üçün Polşaya göndərildiyini deyən rektor bildirib ki, universitetdə «Rəsulzadə» mükafatı ilə yanaşı, «Pilsudski» mükafatı da təsis olunub. Bundan başqa, universitetdə «Polyak dili Azərbaycanda» kitabı nəşrə hazırlanır.

Bunun ardınca polşalı nazir BSU-da Elmi Şuranın iclasında mükafatı K. Abdullaya təqdim edib. O bildirib ki, bu medal K. Abdullaya Azərbaycanla Polşa arasında əlaqələrin dərinləşməsi üçün yazdıqları, etdikləri və edəcəklərinə görə verilir.

Təltifetmədən sonra nazir BSU-nun Polyak dili və mədəniyyəti Mərkəzi ilə tanış olub, polyak dili öyrənən tələbələr polyak dilində şeir oxuyub, nəğmələr ifa ediblər. Sonra nazir radioqovşaq vasitəsilə tələbələri maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR