Bank Of Baku

Ulriş Bohner: “Azərbaycan paytaxtı merinin seçkilər yolu ilə müəyyənləşdirilməsini istəyirik”

Ulriş Bohner: “Azərbaycan paytaxtı merinin seçkilər yolu ilə müəyyənləşdirilməsini istəyirik”
# 02 dekabr 2008 15:45 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. “Avropa Şurası Gürcüstanda avqust ayında baş verən hadisələrdən şoka düşüb. Bizim məqsədimiz münaqişənin nəticələrini yumşaltmaqdır”. APA-nın Avropa bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin katibliyinin rəhbəri Uiriş Bohner verib. O, təmsil etdiyi qurumun münaqişənin əsl səbəbkarının müəyyənləşdirmək səlahiyyətində olmadığını vurğulayıb: “Biz bu münaqişə nəticəsində ciddi zərər görmüş bələdiyyələrlə Avropanın digər ölkələrindəki yerli idarəetmə orqanları ilə tərəfdaşlıq əlaqələri yaratmaqla münaqişənin nəticələrini aradan qaldırmaq istəyirik”.

Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə bağlı məsələyə toxunan Ulriş Bohner son illər bu ölkə ilə çox yaxşı əməkdaşlıq münasibətləri qurulduğunu deyib: “Biz Azərbaycanla yerli idarəetmə assosiasiyalarının inkişafını nəzərdə tutan və Norveç hökuməti tərəfindən maliyyələşdirilən proqram çərçivəsində əməkdaşlıq etmişik. Azərbaycanda yerli idarəetmə konsepsiyasını inkişaf etdirmək çətin idi. Biz bu işə öz töhfəmizi verdik. Azərbaycanda üç assosiasiya yaradıldı və biz buna çox şadıq. Sözügedən assosiasiyalar təkcə kağız üzərində deyil, həm də praktikada fəaliyyət göstərirlər”.

Ulriş Bohner Azərbaycan paytaxtının rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılmasına tərəfdar olduqlarını bildirib: “Cənubi Qafqazda bu istiqamətdə ilk uğurlu addım Gürcüstanda atılıb. Tiflis meri seçkilər yolu ilə seçilir. Ermənistanda da bu istiqamətdə işlər gedir. Azərbaycanda isə bu sahədə bəzi tərəddüdlər hiss edirəm”. Ulriş Bohner Konqresin hazırda Azərbaycanla bağlı hər hansı hesabat və ya sənəd hazırlamadığını bildirib. O, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi prezidentinin yaxın gələcəkdə Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etməyi planlaşdırdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR