Bank Of Baku

Misir səfiri Yusif əl-Şarkavi Tovuz rayonuna səfər edib

Misir səfiri Yusif əl-Şarkavi Tovuz rayonuna səfər edib
# 29 may 2007 09:32 (UTC +04:00)
Misirin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yusif əl-Şarkavi Tovuz rayonunda səfərdə olub. APA-nın Qərb bürosunun məlumatına görə, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuza gələn Misir səfiri ilk öncə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb Səfir bölgəyə səfərinin əsas məqsədinin rayonla daha yaxından tanış olmaq olduğunu deyib: “Mənim Tovuza gəlişimin əsas məqsədi rayonla yaxından tanış olmaq və Azərbaycanın regionları ilə əlaqələri daha dərindən öyrənməkdir. Tovuz rayonunda kənd təsərrüfatı və sənayenin inkişaf səviyyəsi məni sevindirir. Biz gələcəkdə bu bölgə ilə daha sıx əlaqələr qurmağa çalışacağıq”. Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov səfirə rayonun iqtisadi vəziyyəti barədə məlumat verib və Misirdən olan iş adamlarının bölgəyə sərmayə qoyuluşunda iştirak etməsində, müxtəlif sahələrdə təcrübə mübadiləsi aparılmasında maraqlı olduqlarının bildirib. Yusif əl-Şarkavi Azərbaycan və Misirin işgüzar adamlarının müxtəlif layihələr üzrə birgə işləyə biləcəklərini qeyd edib: “Bunun üçün tezliklə Gəncədə kənd təsərrüfatı üzrə regional mərkəzin açılması ilə gələcək əməkdaşlığın təməlini qoyacağıq”. Görüşdən sonra səfir Tovuz rayonunda Şəhidlər Xiyabanını, məscid və muzeyləri ziyarət edib. Səfir Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam və Əlibəyli kəndlərinə də baş çəkib və buradakı vəziyyətlə yaxından tanış olub. “Azərbaycanın Ermənistanla həmsərhəd kəndlərində vəziyyətin ağır olduğunu bildirdim, lakin millət vəkili Qənirə Paşayevanın təklifini qəbul edərək bu vəziyyəti öz gözlərimlə görmək qərarına gəldim. Misir həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Azərbaycan dövləti düzgün siyasi yoldadır və ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunacaq. Münaqişənin həllini gecikməsi ilk növbədə sərhədyanı kəndlərin sakinlərinə daha çox ziyan vurur”. Kənd sakinləri səfirə üzləşdikləri çətinliklər barədə söhbət açıb, kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi atəşə tutulduğunu bildiriblər. Onlar ermənilərin kəndi daim atəş altında saxlaması səbəbilə yaxınlarının məzarlarını ziyarət edə bilmədiklərini, kənd təsərrüfatı ilə normal məşğul ola bilmədiklərini deyiblər. Misir səfiri bildirib ki, sərhədyanı bölgələrdə atəşkəs rejiminin pozulması və ərazinin yandırılması tərəflər arasında danışıqlar prosesini ləngidən amillərdəndir. Qeyd edək ki, Yusif əl-Şarkavi millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonunun sərhədyanı kəndlərinə səfər edən sayca beşinci səfirdir. Qənirə Paşayeva jurnalistlərə verdiyi açıqlamada yaxın zamanlarda ABŞ və İtaliyanın ölkəmizdəki səfirlərinin də Tovuz rayonuna səfərinin gözlənildiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR