Bank Of Baku

Aviqdor Liberman: “Azərbaycan neftinin İsrailə çatdırılması ilə bağlı razılığın əldə olunacağına çox ümid edirəm”

Aviqdor Liberman: “Azərbaycan neftinin İsrailə çatdırılması ilə bağlı razılığın əldə olunacağına çox ümid edirəm”
# 14 avqust 2007 08:54 (UTC +04:00)
- Azərbaycana qarşıdakı səfərinizin məqsədi nədir?
- Mən artıq iki dəfə Bakıda olmuşam. Mən 1997-ci ildə Bakıya baş nazir Benyamin Netanyahunun dəftərxanasının rəhbəri kimi getmişəm. O zaman Heydər Əliyevlə onun Xəzərin sahilindəki iqamətgahında görüşdüm. Onunla çox uzun söhbətimiz oldu, onun dünyada baş verən proseslərə çox dəqiq və dərin yanaşması məni valeh etmişdi. Mən onun İsrail dövlətinə və xalqına çox isti münasibətini hiss etdim. Fikrimcə, müasir Azərbaycan İsrail münasibətlərinin bu qədər uğurlu olması da bunun nəticəsidir. Biz İsrail-Azərbaycan münasibətlərinin davam etdirilməsində və inkişafında maraqlıyıq. Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələr durmadan inkişaf edir, ticarət dövriyyəsi genişlənir. Son vaxtlar İsraildə Azərbaycandan köçmüş insanların böyük bir təşkilatı yaranıb, parlamentdə Azərbaycanla bağlı deputat qrupu fəaliyyət göstərir, iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlərin sayı artıb. Mənim səfərim də bu silsilədən olub, münasibətlərin inkişafına xidmət edəcək. Səfərim çərçivəsində Bakıdakı yəhudi icması ilə görüş, yeni yəhudi mərkəzinin açılışı nəzərdə tutulub.
- Səfərinizdə hansı məsələlər müzakirə olunacaq?
- Terrorizmə qarşı birgə mübarizə, energetika sahəsində əməkdaşlıq, iki ölkə arasında gediş-gəliş şərtlərinin sadələşdirilməsi məsələləri bizim müzakirə obyektimiz olacaq. Əsasən, Azərbaycan neftinin İsrailə çatdırılması ilə bağlı razılığın əldə olunacağına çox ümid edirəm, bununla bağlı bir sıra görüşlər də keçirəcəyəm. Səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, bir sıra nazirlərlə icmalararası münasibətlərlə bağlı görüşlər keçirəcəyim gözlənilir.
- Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərdə İranın nüvə silahı proqramı ilə bağlı məsələlərin müzakirəsi göslənilirmi?
- Bizim İranın nüvə proqamı ilə bağlı mövqeyimiz dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşür. Hazırda İranın nüvə dosyesi BMT Təhlükəsizlklik Şurasında müzakirə olunur. Bu, yalnız İsrailin problemi deyil, bu məsələ BMT Təhlükəsizlik Şurası, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Avropa Birliyinin İranla apardığı dialoq çərçivəsində həll edilməlidir.
- Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı fikirləriniz necədir?
-Dağlıq Qarabağ problemi ilə bağlı bizim mövqeyimiz dəyişməzdir. Biz münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, sülh yolu ilə beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıyıq. Bu münaqişə BMT və digər beynəlxalq qurumların vasitəçiliyi ilə danışıqlar yolu ilə həllini tapmalıdır.
- Səfərinizdə İsraildə Azərbaycan səfirliyinin açılması müzakirə olunacaqmı?
- Azərbaycanın İsraildə səfirlik açmasına mane olan bütün geopolitik amilləri başa düşürük. Amma tezliklə ən azından Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətə başlayacağına ümid edirəm. Humanitar, mədəni sahələrdə isə əməkdaşlığımız yüksək səviyyədədir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR