İƏTPA-nın ümumi fondu yaradılacaq, qadın üzvlərə dair minimum tələb müəyyənləşib

İƏTPA-nın ümumi fondu yaradılacaq, qadın üzvlərə dair minimum tələb müəyyənləşib
# 24 aprel 2021 13:12 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) İcraedici Şurasının müəyyən etdiyi qaydada üzv ölkələr, eləcə də digər təsisat və təşkilatlar tərəfindən verilən könüllü ianələr hesabına ümumi fondu yaradılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin aprelin 27-də keçiriləcək iclasında təsdiq olunmaq üçün müzakirəyə çıxarılacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsində əksini tapıb.

Sənədə əsasən, Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir. Ümumi konfransda hər bir ölkənin nümayəndə heyəti sədr və bölmənin katibi də daxil olmaqla 5 nəfərədək parlament üzvündən ibarət olmalıdır və hər bir nümayəndə heyətində ən azı bir nəfər qadın üzv olmalıdır. Ümumi konfrans ildə bir dəfə, mümkün olduğu təqdirdə rotasiya qaydasında əlifba sırası ilə üzv ölkələrin birində keçirilməlidir. Ümumi konfransdakı qadın üzvlər ümumi konfransla yanaşı ayrıca görüşlər keçirməlidirlər və bu görüşdə qadınlarla bağlı məsələləri müzakirə edib, baxılması üçün ümumi konfransa təqdim etməlidirlər. Ev sahibliyi edən ölkənin spikeri Ümumi konfransın sədri olacaq. Ümumi konfransın sədri, sədr müavini və katibinin səlahiyyət müddəti bir konfransın başlanmasından növbəti konfransın başlanmasına qədər olan müddəti əhatə edir.

Assambleyanın İƏT ölkələri parlamentlərinin spikerlərindən/sədrlərindən ibarət İcraedici Şurası olmalıdır. İcraedici Şuranın görüşü Ümumi konfransdan əvvəl keçirilməlidir. Ev sahibliyi edən ölkənin spikeri/sədri Şuranın sədridir və bir konfransın başlamasından növbəti konfransın başlamasına qədər səlahiyyətlidir. İcraedici Şuranın səlahiyyətlərinə Assambleyanın proqram büdcəsi, İcraedici Şura, Ümumi konfrans və digər başqa konfrans/iclaslarda müzakirə edilmək üçün gündəlik, Assamleyanın prosedur qaydalarının hazırlanması, konfrans/iclasların tarixi və yerinin müəyyənləşdirilməsi daxildir.

İƏTPA-nın daimi Katibliyi Pakistanın paytaxtı İslamabadda yerləşir. Katiblik növbəti ümumi konfransa ev sahibliyi edəcək ölkəyə dəstək göstərəcək. İƏTPA Katibliyinin katibi rotasiya qaydasında təyin olunur. İTƏPA Katibliyi katibinin seçilməsi/təyinatı qaydası İcraedici Şuranın ilk iclasında qərara alınır. Həmin qərar qəbul olunana qədər Pakistan Milli Assambleyasının katibi İƏTPA-nın katibi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR