Paşha Bank
Bank Of Baku

Ermənistanın humanitar paradoksu: Konfranslar keçirilir, itkin düşmüş azərbaycanlıların taleyi isə açıqlanmır – TƏHLİL

Ermənistanın humanitar paradoksu: Konfranslar keçirilir,  itkin düşmüş azərbaycanlıların taleyi isə açıqlanmır – TƏHLİL
# 20 noyabr 2026 16:50 (UTC +04:00)

Noyabrın 19-20-də İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Ermənistan rəhbərliyi tədbirdə humanitar əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və itkin düşmüş şəxslərin ailələrinin məlumat almaq hüququnun təmin edilməsinin vacibliyini vurğulayır. Lakin bu bəyanatlar Ermənistanın Azərbaycanla birbaşa təmaslar çərçivəsində əldə olunmuş razılaşmaları nə dərəcədə yerinə yetirməsi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə də minlərlə azərbaycanlının taleyinin naməlum qalması, dəfn yerləri barədə məlumatların təqdim edilməməsi və birgə axtarış tədbirlərinin nəticəsiz qalması İrəvanın humanitar əməkdaşlığa münasibətinə dair suallar yaradır. Mövcud vəziyyət problemin yalnız humanitar deyil, həm də siyasi və hüquqi müstəvidə qiymətləndirilməsini zəruri edir.

Humanitar bəyanatlarla praktiki fəaliyyət arasında ziddiyyət

İrəvanda keçirilən konfransın əsas müzakirə mövzularından biri itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bununla belə, Ermənistanın humanitar məsələlərə yanaşmasının qiymətləndirilməsində əsas meyar verilən bəyanatlar deyil, mövcud öhdəliklərin icrası və əldə olunan konkret nəticələrdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov APA-ya açıqlamasında bildirib ki, noyabrın 19-20-də İrəvanda itkin düşmüş şəxslərin taleyi ilə bağlı beynəlxalq konfransın keçirilməsi ciddi siyasi və mənəvi ziddiyyət yaradır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov

Politoloqun sözlərinə görə, onilliklər ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistanın minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirmədən özünü humanitar dəyərlərin müdafiəçisi kimi təqdim etməsi paradoksaldır: “Burada əsas məsələ konfransın keçirilməsi deyil, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında səsləndirdiyi bəyanatlarla faktiki fəaliyyəti arasındakı uyğunsuzluqdur. Humanitar məsuliyyət siyasi ritorika ilə deyil, konkret öhdəliklərin icrası ilə müəyyənləşir. Əgər Ermənistan rəhbərliyi həqiqətən də qarşılıqlı etimadın bərpasında maraqlıdırsa, ilk növbədə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Məsələnin digər mühüm tərəfi isə itkin düşmüş şəxslərin ailələrinin bu prosesə münasibətidir. Onilliklərdir yaxınlarının taleyindən xəbər ala bilməyən ailələr üçün beynəlxalq konfransların əhəmiyyəti ilk növbədə onların real nəticələri ilə ölçülür. Bu baxımdan humanitar əməkdaşlığa dair çağırışlarla ailələrin gözləntiləri arasında fərqin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib ki, Ermənistan İrəvanda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirməklə özünü dünya ictimaiyyətinə bu insanların taleyinə qayğı göstərən dövlət kimi təqdim etməyə çalışır.

Konul Behbudova, Chairperson of the  "Garabagh Families of the Missing" Public Union

Onun sözlərinə görə, əgər belə beynəlxalq konfranslar itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyəcəksə, onların keçirilməsinin heç bir mənası olmayacaq: “Əgər bu beynəlxalq konfranslar itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyəcəksə, onda bu konfranslar nəyə lazımdır? Bizə məlumdur ki, Ermənistan 200-dən çox kütləvi məzarlığın və fərdi dəfn yerinin koordinatları barədə məlumatı olduğunu özü etiraf edib. Ancaq bu günə qədər həmin məlumatları Azərbaycan tərəfinə verməkdən yayınır. Biz belə düşünürük ki, Ermənistan bununla öz cinayətlərinin üzə çıxmasının qarşısını almağa çalışır. Çünki işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda işgəncə və zorakılıq izləri müəyyən edilib. Bu faktlar biz itkin ailələrinə həqiqətən çox ağır təsir edir. Hər dəfə belə bir məzarlığın aşkarlanması bizim üçün böyük sarsıntıdır. Mən hesab edirəm ki, həmin məzarlıqların açılması törədilmiş cinayətlərin də üzə çıxmasına səbəb olacaq. Ona görə də düşünürük ki, Ermənistan bu məsuliyyətdən yayınmağa çalışır”.

İcra olunmayan razılaşmalar və 204 dəfn yerinin koordinatları

Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində birbaşa əməkdaşlıq mexanizmlərinin mövcudluğu problemin həlli üçün mühüm imkanlar yaradıb. Lakin əldə olunmuş razılaşmaların icrası ilə bağlı açıq qalan məsələlər prosesin praktiki nəticələrini məhdudlaşdırır. Xüsusilə də itkin düşmüş şəxslərə dair siyahıların yoxlanılması və mümkün dəfn yerləri barədə məlumatların mübadiləsi əsas müzakirə mövzularındandır.

Zaur Məmmədov xatırladıb ki, 2025-ci ilin fevralından Azərbaycan və Ermənistanın müvafiq dövlət komissiyaları arasında vasitəçisiz təmaslar qurulub, itkin düşmüş şəxslərin axtarışı istiqamətində müəyyən razılaşmalar əldə edilib: “Azərbaycan Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 834 vətəndaşına dair siyahını, onlardan 104 nəfər haqqında ətraflı məlumatları Ermənistan tərəfinə təqdim edib. Lakin həmin materialların araşdırılmasının nəticələri barədə indiyədək məlumat verilməyib. Bu, Ermənistanın əməkdaşlığa hazır olması barədə bəyanatlarının praktik məzmununu ciddi sual altına qoyur. Xüsusilə diqqətçəkən məqam Ermənistanın 204 kütləvi və fərdi məzarlığın koordinatlarına malik olduğunu bildirməsinə baxmayaraq, həmin məlumatları təqdim etməməsidir. Söhbət Azərbaycanın ehtimallarından deyil, Ermənistanın özünün mövcudluğunu təsdiqlədiyi məlumatlardan gedir”.

Dəfn yerləri ilə bağlı məlumatların təqdim olunması təkcə itkinlərin taleyinin müəyyənləşdirilməsi baxımından deyil, həm də münaqişə dövründə baş vermiş hadisələrin araşdırılması üçün əhəmiyyətlidir. Bu prosesdə keçmiş hərbi və siyasi vəzifəli şəxslərin malik ola biləcəyi məlumatların əldə edilməsi, şahid ifadələrinin yoxlanılması və mümkün məzarlıqlarda axtarış tədbirlərinin aparılması mühüm rol oynaya bilər.

Könül Behbudova qeyd edib ki, Ermənistanın keçmiş yüksək vəzifəli şəxsləri, o cümlədən hərbi vəzifə tutmuş şəxslər də kütləvi məzarlıqların yerləri barədə məlumatlı olduqlarını bildiriblər: “Lakin buna baxmayaraq, həmin məlumatlar indiyədək Azərbaycan tərəfinə təqdim edilməyib. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın keçmiş hərbi vəzifəli şəxsləri dəfələrlə kütləvi məzarlıqların yerlərini bildiklərini deyiblər. Ancaq bu məlumatları Azərbaycan tərəfinə vermirlər. Yəqin ki, bunun xüsusi səbəbləri var. Biz hesab edirik ki, həmin məlumatlar təqdim olunsa, bir çox məsələlərə aydınlıq gələcək, itkin düşmüş şəxslərin taleyi ilə bağlı həqiqətlər üzə çıxacaq. Ona görə də Ermənistanın bu məlumatları gizlətməsi bizdə ciddi suallar yaradır”.

Siyasi iradə və itkin ailələrinin 30 ildən artıq davam edən intizarı

Humanitar əməkdaşlığın nəticə verməsi üçün texniki mexanizmlərin və dövlət qurumları arasında təmasların mövcudluğu kifayət etmir. Bu mexanizmlərin işlək vəziyyətdə saxlanılması, əldə olunmuş razılaşmaların icrası və məlumat mübadiləsinin davam etdirilməsi siyasi qərarlardan da asılıdır. Eyni zamanda, prosesin uzanması itkin düşmüş şəxslərin ailələrinin illərdir davam edən qeyri-müəyyənlik şəraitində yaşamasına səbəb olur.

Politoloq Zaur Məmmədov hesab edir ki, Ermənistanın aidiyyəti qurumlarının razılaşmaların icrası üçün siyasi rəhbərlikdən göstəriş almadıqlarını bildirməsi problemin mahiyyətini daha aydın göstərir: “Bu, məsələnin texniki imkanlardan daha çox siyasi iradə ilə bağlı olduğunu düşünməyə əsas verir. Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edibsə və keçmişin münaqişə siyasətindən uzaqlaşdığını bəyan edirsə, həmin siyasətin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində də prinsipial mövqe nümayiş etdirməlidir. Əks halda, Ermənistanın sülh və əməkdaşlıq haqqında bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyət daha da dərinləşəcək”.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin gecikməsi isə məsələnin humanitar ağırlığını daha da artırır. Dəfn yerlərinin müəyyənləşdirilməsi, insan qalıqlarının eyniləşdirilməsi və müvafiq məlumatların ailələrə çatdırılması bir çox insan üçün onilliklərdir cavabsız qalan sualların aydınlaşması deməkdir.

İctimai Birliyin sədri Könül Behbudova vurğulayıb ki, 4010 azərbaycanlının itkin düşməsi minlərlə ailənin 30 ildən artıq müddətdə əzab çəkməsi, yaxınlarının taleyindən xəbərsiz yaşaması deməkdir.

Onun sözlərinə görə, dəfn yerlərinin koordinatlarının təqdim edilməsi bir çox ailənin uzun illər davam edən intizarına son qoyulmasına kömək edə bilər: “Siz də bilirsiniz ki, 4010 azərbaycanlının itkin düşməsi minlərlə ailənin əzab çəkməsi deməkdir. Əgər həmin koordinatlar Azərbaycan tərəfinə verilsə, bəlkə də bir ailənin 30 ildən artıq davam edən intizarına, çəkdiyi əzablara son qoyular. Çünki hər bir itkin düşmüş şəxs bir ananın övladıdır, bir övladın atasıdır, bir ailənin doğmasıdır. Təsəvvür edin, bu insanlar 30 ildən çoxdur ki, çox ağır vəziyyətdə, qeyri-müəyyənlik içərisində yaşayırlar. Onlar doğmalarının taleyini bilmirlər. Heç olmasa, yaxınlarının harada dəfn olunduğunu bilmək istəyirlər. Bu, həmin ailələr üçün çox böyük əhəmiyyət daşıyır”.

Humanitar məsuliyyət və sülh prosesində qarşılıqlı etimad

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan siyasi və diplomatik proseslər fonunda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyətini qoruyur. Münaqişənin humanitar nəticələrinin aradan qaldırılması yalnız ailələrin hüquqlarının təmin olunmasına deyil, həm də iki dövlət arasında etimad mühitinin formalaşmasına xidmət edə bilər. Bu baxımdan mövcud razılaşmaların icrası sülh prosesinin praktiki göstəricilərindən biri kimi qiymətləndirilir.

Tarixi əhəmiyyətli Vaşinqton görüşü: Azərbaycan və Ermənistan ekspertləri  bir il əvvəl əldə olunan razılaşmaları necə qiymətləndirir? - ŞƏRH

Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan 2020-ci ildə ərazilərinin böyük hissəsini işğaldan azad edib, 2023-cü ildə isə bütün ərazisində suverenliyini bərpa edib. Lakin dörd minə yaxın azərbaycanlının taleyinin naməlum qalması münaqişənin ağır humanitar nəticələrinin hələ də aradan qaldırılmadığını göstərir.

“Bu məsələnin həll edilməməsi Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın formalaşmasına mane olur. Beynəlxalq təşkilatlar da Ermənistanın humanitar əməkdaşlıq barədə bəyanatlarını qiymətləndirərkən konkret nəticələr tələb etməlidirlər. İtkin düşmüş şəxslərin taleyi siyasi manipulyasiya və beynəlxalq imic formalaşdırmaq vasitəsinə çevrilməməlidir. İrəvanın səmimiyyəti təşkil etdiyi konfranslarla deyil, təqdim etdiyi məlumatlarla, həyata keçirdiyi axtarış tədbirləri və yerinə yetirdiyi razılaşmalarla ölçülməlidir. Çünki davamlı sülh yalnız siyasi razılaşmalar deyil, həm də keçmişin ağır humanitar nəticələrinə görə məsuliyyətli yanaşma tələb edir”, – politoloq bildirib.

Məsələnin beynəlxalq humanitar hüquq müstəvisində də mühüm tərəfləri var. Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin araşdırılması, mövcud məlumatların əldə edilməsi və ailələrin yaxınları barədə məlumatlandırılması humanitar əməkdaşlığın əsas istiqamətlərindəndir. Bununla yanaşı, itkin ailələrinin hüquqlarının təmin olunması məsələsi siyasi proseslərdən asılı olmayaraq aktuallığını saxlayır.

İctimai Birliyinin sədri bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, itkin düşmüş şəxslərin ailələrinin doğmalarının taleyi barədə məlumat almaq hüququ var, lakin Ermənistanın illərdir bu məlumatları təqdim etməməsi ailələrin iztirablarını daha da artırır.

“Beynəlxalq humanitar hüquqda da göstərilir ki, itkin düşmüş şəxslərin ailələri onların taleyi barədə məlumat almaq hüququna malikdirlər. Ancaq Ermənistan bizi illərlə bu hüquqdan məhrum edib. İtkin ailələri 30 ildən artıqdır ki, əzab çəkirlər. Bizim doğmalarımız haqqında məlumatları bizə verməyiblər. Biz istəyirik ki, Ermənistan əlində olan məlumatları Azərbaycan tərəfinə təqdim etsin. Əgər həqiqətən də itkin düşmüş şəxslərin taleyinə qayğı göstərirlərsə, bunu konfrans keçirməklə deyil, konkret addımlar atmaqla göstərsinlər. Bizim əsas istəyimiz itkin düşmüş yaxınlarımızın taleyinə aydınlıq gətirilməsidir”, – Könül Behbudova bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR