Qırğızıstan Prezidenti qələbə münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib

Qırğızıstan Prezidenti qələbə münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib
# 09 aprel 2021 16:21 (UTC +04:00)

Qırğız Respublikası Prezidenti Sadır Japarov Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucovu qəbul edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, S. Japarov Qırğızıstanın eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanı qardaş ölkə kimi qəbul etməsini diqqətə çatdırıb. O, Qarabağ - Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib, 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacağına ümidvar olduğunu söyləyib.

S. Japarov iki ölkə arasında intensiv təmasların ən yüksək və yüksək səviyyədə olmasının vacibliyini qeyd edərək Prezident İlham Əliyevi Qırğız Respublikasına səfərə dəvət edib. Bildirib ki, Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcuddur.

Prezident Hidayət Orucova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, Hidayət Orucov bildirib ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi, genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindəndir. O, Prezident S. Japarovun rəhbərliyi ilə də Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə dinamik şəkildə dərinləşəcəyinə əminliyini ifadə edib. Səfir qeyd edib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr, ortaq mədəniyyətlər, ənənələr, adətlər, dil və din birləşdirir, bu da öz növbəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Vurğulayıb ki, Azərbaycanla Qırğızıstan qardaş ölkələrdir və müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində əməkdaşlığımız dərinləşir. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Həm Qırğızıstan, həm də Azərbaycanda yüksək səviyyədə humanitar tədbirlər keçirilir. Bundan əlavə, iqtisadi əlaqələrin, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin genişləndirilməsinə imkan verən böyük istifadə olunmamış potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ticarət dövriyyəmizin artırılması və idxal-ixracın diversifikasiyası məsələləri də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR