Zərif: "İran azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazırdır" - YENİLƏNİB

Zərif: "İran azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazırdır" - YENİLƏNİB
# 30 mart 2021 10:51 (UTC +04:00)

2021-ci ilin 30 mart tarixində Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.

Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin aparılması üzrə fikri mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

saat 10:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif Düşənbədə görüşüblər.

APA-nın xəbərinə görə, bu barədə İran hökumətinin "Twitter"dəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, görüş “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.

Görüşdə XİN başçıları Qafqaz regionunda son vəziyyət, Xəzər dənizində qarşılıqlı əməkdaşlıq, iqtisadi və siyasi sahələrdə digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR