Bank Of Baku

Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY

Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
# 16 iyul 2026 16:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul etməsi dövlətimizin Yaxın Şərq siyasətində ardıcıllığın, beynəlxalq hüquqa sadiqliyin və İslam həmrəyliyinə verdiyi önəmin növbəti təsdiqidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Prezidentin Fələstin Baş naziri ilə görüşü Azərbaycanın prinsipial siyasətini bir daha təsdiqlədi

Deputat deyib ki, görüş zamanı səsləndirilən fikirlər, əldə olunan razılaşmalar və müzakirə edilən məsələlər göstərir ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə yalnız siyasi bəyanatlarla kifayətlənmir, eyni zamanda, konkret humanitar, diplomatik və iqtisadi təşəbbüslərlə çıxış edir: “Prezident İlham Əliyevin Fələstin Baş naziri ilə keçirdiyi görüş son illər Azərbaycanın İslam dünyası ilə münasibətlərinin məntiqi davamıdır və ölkəmizin xarici siyasət kursunun prinsipial mahiyyətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin görüş zamanı Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha bəyan etməsi Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini növbəti dəfə ortaya qoydu”.

Azərbaycan Fələstinə dəstəyini konkret addımlarla nümayiş etdirir

Rizvan Nəbiyev vurğulayıb ki, son dövrlərdə müəyyən dairələr tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilsə də, faktlar tamamilə fərqli mənzərəni ortaya qoyur: “Azərbaycan Fələstin xalqına münasibətdə dəstəyini yalnız bəyanatlarla ifadə edən dövlət deyil. Ölkəmiz illərdir ki, Fələstin xalqına humanitar, maliyyə, təhsil və diplomatik istiqamətlərdə sistemli dəstək göstərir. Prezident İlham Əliyevin Fələstin Baş naziri ilə görüşündə səsləndirilən faktlar bunu bir daha təsdiqlədi. Bu gün Azərbaycanı Fələstin məsələsində əsassız şəkildə tənqid etməyə çalışanlar məhz bu faktlara diqqət yetirməlidirlər. Azərbaycan hər zaman prinsipial mövqedən çıxış edib və Fələstin xalqının hüquqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edib. Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyət göstərməsi, Fələstinin Azərbaycandakı səfirliyinə dövlətimiz tərəfindən hərtərəfli dəstəyin göstərilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin mühüm göstəricilərindəndir”.

Humanitar diplomatiya Azərbaycanın xarici siyasətinin ayrılmaz hissəsidir

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan humanitar diplomatiyanı xarici siyasətin əsas istiqamətlərindən birinə çevirib: “2013-cü ildə Bakıda keçirilən "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans" və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı" nəticəsində Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı göstərməsi ölkəmizin məsuliyyətli mövqeyini nümayiş etdirib. Azərbaycan bununla kifayətlənməyərək BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi – UNRWA vasitəsilə də mütəmadi humanitar yardımlar göstərir. Bu yardımlar göstərir ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi platformalarda səsləndirilən şüar kimi qəbul etmir. Ölkəmiz üçün həmrəylik real fəaliyyət, humanitar məsuliyyət və dost ölkələrə dəstək deməkdir. Humanitar əməkdaşlığın ən mühüm istiqamətlərindən biri təhsil sahəsidir. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda ali təhsil alması iki xalq arasında uzunmüddətli əlaqələrin formalaşmasına mühüm töhfə verir. Bu tələbələr gələcəkdə Fələstinin müxtəlif sahələrində fəaliyyət göstərərək Azərbaycanı yaxından tanıyan, ölkəmizə dost münasibət bəsləyən yeni nəslin formalaşmasına xidmət edəcəklər. Bu, klassik humanitar yardım deyil. Bu, insan kapitalına sərmayədir və gələcək münasibətlərin möhkəm təməlinin yaradılması deməkdir.

İslam dünyası ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin strateji istiqamətidir

Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin son aylarda iştirak etdiyi beynəlxalq tədbirlər və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın İslam dünyası ilə əməkdaşlığına verdiyi strateji əhəmiyyəti aydın göstərir: “Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və proqram xarakterli çıxışı İslam ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafına Azərbaycanın verdiyi töhfənin göstəricisi oldu. Azərbaycanın İslam maliyyə institutları ilə əməkdaşlığının genişlənməsi, ortaq investisiya layihələrinin həyata keçirilməsi və yeni iqtisadi platformaların yaradılması ölkəmizin İslam dünyasında artan nüfuzunun mühüm göstəriciləridir”.

İordaniya ilə münasibətlər İslam həmrəyliyinin daha bir nümunəsidir

Deputat Prezident İlham Əliyevin bu il İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul etməsini də xatırladıb: “Azərbaycan Yaxın Şərq ölkələri ilə münasibətlərini yalnız ikitərəfli əməkdaşlıq prizmasından deyil, bütövlükdə İslam dünyasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından inkişaf etdirir. İordaniya ilə yüksək səviyyəli siyasi dialoq, Fələstinlə strateji əməkdaşlıq, digər İslam ölkələri ilə intensiv əlaqələr Azərbaycanın ardıcıl və balanslaşdırılmış xarici siyasət kursunun tərkib hissəsidir”.

Rizvan Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin İƏT Parlament İttifaqının 20-ci Sessiyasının iştirakçılarına müraciəti də Azərbaycanın İslam dünyasının problemlərinə həssas yanaşmasının növbəti ifadəsi idi: “Azərbaycan bu gün İslam Əməkdaşlıq Təşkilatı məkanında etibarlı tərəfdaş, dialoq təşəbbüskarı və həmrəyliyin təşviqçisi kimi qəbul edilir. Azərbaycan İslam dünyasında qarşıdurmaların deyil, əməkdaşlığın, inkişafın və qarşılıqlı dəstəyin tərəfdarıdır. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz bu istiqamətdə etibarlı platformaya çevrilib.

Fələstinlə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevlə Məhəmməd Mustafa arasında keçirilən görüşdə Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı məsələsinin müzakirə olunması xüsusi əhəmiyyət daşıyır: “Bu təşəbbüs humanitar münasibətlərin iqtisadi əməkdaşlıqla tamamlanması baxımından mühüm perspektivlər açır. Gələcəkdə kənd təsərrüfatı, logistika, ərzaq təhlükəsizliyi, ticarət və investisiya sahələrində də əməkdaşlığın genişləndirilməsi mümkündür. İqtisadi əlaqələrin inkişafı iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini formalaşdıracaq”.

Azərbaycan beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini davam etdirəcək

Rizvan Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin Fələstin Baş naziri ilə görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində prinsipial və ardıcıl siyasət yürüdür: “Ökəmiz dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasını daim müdafiə edir və bu yanaşma Fələstin məsələsində də dəyişməz olaraq qalır. Azərbaycan öz xarici siyasətində ikili standartlara yer vermir. Biz beynəlxalq hüququ hansı məsələdə müdafiə ediriksə, Fələstin məsələsində də eyni prinsipial mövqedən çıxış edirik. Prezident İlham Əliyevin Fələstin Baş naziri ilə görüşü, səsləndirilən bəyanatlar və əldə olunan razılaşmalar bunu bir daha təsdiqlədi. Ölkəmiz bundan sonra da Fələstin xalqına siyasi, humanitar və mənəvi dəstəyini davam etdirəcək, eyni zamanda İslam dünyasında həmrəyliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR