“İqlim dəyişikliyi ilə bağlı Paris razılaşması yalnız kağız üzərində qalmamalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Banqladeş Xalq Respublikasının Baş Naziri Şeyx Hasina deyib.
Baş Nazir bildirib ki, onun ölkəsi bu beynəlxalq təşkilata əsarətdən əziyyət çəkən və əsarət gətirən ölkələr arasında bərabərliyin təmin olunmasına töhfə vermək üçün qoşulub: “Biz həmişə beynəlxalq ictimaiyyəti Bandunq prinsiplərinə əməl etməyə çağırmışıq. Sülh üçün maneələr yaranır və münaqişələrin əsas səbəblərindən biri də ölkələr arasında dialoqun olmamasıdır. Mədəniyyətlər və sivilizasiyalar arasında toqquşmalar sülh üçün ciddi hədədir. Sülhə təkan verən universal dəyərlərin müəyyənləşdirilməsi və yayılması üçün uzun mübarizələr aparılıb”.
Baş Nazir əlavə edib ki, BMT dünyanın müxtəlif bölgələrində meydana çıxan münaqişələrin söndürülməsinə çalışır və Qoşulmama Hərəkatına üzv ölkələr də güclərini bir araya toplamaq üçün səylə çalışmalıdırlar. Banqladeş Baş naziri silahsızlaşdırmanın beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb.
Ölkəsində bir sıra sosial və iqtisadi islahatların həyata keçirildiyini qeyd edən Baş Nazir hələ də ölkəsinin 21 faizinin yoxsulluqdan əziyyət çəkdiyini diqqətə çatdırıb.
Baş Nazir Banqladeşin əsas iki çətinliklə üzləşdiyini əlavə edib: “İqlim dəyişikliyinin nəticələri ölkəmizə təsir edir, buna görə də biz bu istiqamətdə səyləri davam etdirməliyik. Ölkəmiz maliyyə imkanlarında istifadə edərək iqlim dəyişikliyin fəsadlarına qarşı adaptasiya proqramlarına maliyyə ayırır. Banqladeş iqlim dəyişikliyi ilə bağlı BMT-nin çərçivə sənədlərinin qəbulunu dəstəkləyir. Paris sazişi yalnız kağız üzərində qalmamalıdır”.
O, digər problemin Myanmar qaçqınları ilə bağlı olduğunu deyib: “Biz qaçqınları qəbul etdik və təbii ki, onlara dəstək göstərməliyik. Göstərilən yardım arzu olunandan uzaqdır. Qaçqınların çətinliklərinə bələdəm və onları başa düşürəm. Myanmar bu böhrana həll variantı tapmalıdır”.