“Azərbaycan ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmini üçün böyük işlər görməkdədir”.
APA xəbər verir ki, bunu Zəngilanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxış edən BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç deyib.
Minaların torpaqları çirkləndirdiyini deyən BMT rəsmisi əsas məqsədin həmin minalardan çirkləndirilmiş əraziləri yenidən insanlara istismar üçün bərpa etmək olduğunu deyib.
“Ağıllı kənd"lərin və yaşayış yerlərin qurulması buna nümunədir. Minadan zərər görmüş ərazilərin icmalarının bu işlərdə yaxından iştirak etməsi, eləcə də təhlükəsiz mühitin yaradılması istiqamətində maarifləndirilmənin artırılması vacibdir. Biz biliklərimizi səfərbər etməklə hədəflərimizə tez çata bilərik”, - o qeyd edib.
İvana Jivkoviç minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inkişaf proqramları ilə inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası təkcə partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir.
Fuad Sadıqov