Bank Of Baku

Deputat: “Brüssel görüşü Aİ-nin Azərbaycanın gündəliyini qəbul etdiyini göstərdi”

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 07 aprel 2022 12:01 (UTC +04:00)

“Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycan strateji diplomatiyasının növbəti uğuru, eyni zamanda postmüharibə reallıqlarının dünyaya qəbul etdirilməsi hadisəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir: “Yaradılan yeni reallıq hər nə qədər beynəlxalq hüquqa uyğun olsa belə, onu qəbul etdirmək çox çətin olur. Bu isə beynəlxalq münasibətlər sistemini təyin edən güc mərkəzlərinin paralel nizam yanaşması ilə əlaqədardır. Bu paralel nizama əksər hallarda ikili standartlar siyasəti də deyirik. Yəni əsas aktorların maraqlarına uyğun olan problemlər beynəlxalq hüquqa uyğun olmasa belə, o problemlərin mövcud olmasına və hətta davam etməsinə qlobal güc mərkəzləri dəstək olurlar. Qarabağla bağlı vəziyyət də belə idi. Ancaq Azərbaycan bu məsələni həll etməklə dünyanın güc mərkəzlərini fakt qarşısında qoydu və bu reallığı qəbul etməkdən başqa çarələri qalmadı”.

Parlamentin komitə sədrinin müavini qeyd edib ki, Brüsseldə keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir: “Bu baza prinsiplər beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur. Hələ 2021-ci ilin dekabrın 14-də keçirilən üçtərəfli görüşdə əslində məhz bu prinsiplər əsasında mümkün gündəm müəyyənləşdirilmişdi. Yəni artıq postmüharibə mərhələsində qalıcı sülh üçün yeni danışıqlar platforması kimi qəbul edə biləcəyimiz Brüssel-Bakı-İrəvan xəttinin əsasları həmin vaxt qoyulmuşdu. Hazırda isə bu əsaslarda sülh danışıqlarını irəli götürmək üçün mexanizmlərin yaradılması baş verir. Görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın və iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilir. Bu, nəticə əldə etmək üçün olduqca çevik və səmərəli formadır. Eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasından söhbət gedir. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. İkincisi, aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı uyğun komissiya yaradılması, eyni zamanda hazırda sərhədlərdə mövcud olan reallığın toxunulmazlığı məsələsidir. Bu isə o deməkdir ki, erməni tərəfi Qaragöl və Kəlbəcər istiqamətində əvvəlki iddialarından geri çəkiliblər, ya da onu qəbul etdirə bilməyiblər. Başqa mühüm bir məsələ isə bəyanatda və danışıqlarda ATƏT və onun Minsk Qrupunun ümumiyyətlə, xatırlanmaması, onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir. Başqa sözlə, sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan Minsk Qrupunun həmsədrlik institutuna istinad yoxdur. Hər hansı status əsla xatırladılmır, tam əksinə, regionda yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu vurğulanır. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır”.

H. Babaoğlu nəzərə çatdırılıb ki, Avropa İttifaqı qərəzsiz tərəfdir, hər iki tərəfin Avropa İttifaqına etimadı var: “Görüşdən sonra Şarl Mişelin bəyanatında kommunikasiyaların, o cümlədən avtomobil nəqliyyatı kommunikasiyasının açılmasının zəruriliyi qeyd edilir. Yəni bəyanatda alqışlanılan dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Eyni zamanda vurğulanır ki, Avropa İttifaqı öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır. Bununla bərabər, bəyanatda minaların təmizlənməsi, itkin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu”.

Deputat vurğulayıb ki, son proseslər ümumilikdə Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi qəbul etdiyini göstərdi: “Məsələn, Fərrux ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunlarının dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR