Bank Of Baku

Deputat: “Qlobal problemlərin həllində Azərbaycan Prezidentinin  mövqeyi nəzərə alınır”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 09 mart 2022 22:15 (UTC +04:00)

“Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri daha da güclənməkdədir. Regionda və dünyada çox mürəkkəb geosiyasi proseslərin baş verməsi fonunda ölkəmizin dünya miqyasında nüfuzunun artması Azərbaycan Prezidentinin düşünülmüş, praqmatik siyasətinin əyani göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq arenada yeri və rolu getdikcə yüksəlir: “Ümumiyyətlə, son dövrlərdə dünyanın aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə məktubları, telefon zəngləri və görüşlər dövlətimizin başçısının dünyada böyük nüfuz sahibi olmasından xəbər verir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzlu dövlət və etibarlı tərəfdaş olması dünya dövlətləri tərəfindən də etiraf edilir. Bu aspektdə Azərbaycanın əsas tərəfdaşlarından biri olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun ölkəmizə səfəri də diqqət çəkir. Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu 30 il ərzində iqtisadi, ticarət əlaqələrimiz, enerji sahəsində əməkdaşlıq genişlənib. BP ölkəmizdə enerji sahəsində uğurla fəaliyyət göstərir. Dövlətimizin başçısı görüşdə Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini də qeyd edib. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. O cümlədən görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olunub. Bu da bir daha hazırkı həssas dönəmdə Böyük Britaniya kimi ölkələrin rəhbərliyinin də Azərbaycan Prezidentinin böhranlar və böhranların həlli yolları ilə bağlı fikirlərinə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir”.

F. Yıldırım vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır: “Ukrayna hadisələri fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin, Fransa Prezidenti Emmanuel Makronun, Rusiya Prezidenti Vladimir Putinin, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin dövlətimizin başçısına zəng etməsi, eləcə də böyük dövlətlərin başçılarının Prezidentə məktub göndərməsi ölkəmizin regionda liderliyinin göstəricisidir. Onu da qeyd edim ki, Şuşa və Moskva bəyannamələri sayəsində Türkiyə və Rusiya kimi böyük dövlətlərlə müttəfiqlik münasibətlərinin qurulması ilə yanaşı, Avropa İttifaqının da ölkəmizə diqqəti artmaqdadır. Enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin milli maraqlarımıza əsaslanan siyasəti dövlətimizə yalnız uğurlar qazandırır. Bu gün dünyanı narahat edən qlobal problemlərin həllində Azərbaycanın, Azərbaycan Prezidentinin mövqeyi nəzərə alınır. Bu da ilk növbədə, Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin məntiqi ifadəsidir. Beləliklə, bu gün Azərbaycan dünya və region üçün çox önəmli i bir dövlətə çevrilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR