“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubuna yalnız diplomatik etiket və protokol nəzakəti çərçivəsində baxa bilmərik. Məktubda kifayət qədər ciddi məqamlar, xüsusən Co Bayden Administrasiyasının gələcək dövr üçün Azərbaycanla əməkdaşlıq niyyətinin yeni yol xəritəsi hesab edilə biləcək ciddi nüanslar var”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov bildirib.
B. Məhərrəmov deyib ki, hər şeydən öncə, Vətən müharibəsindən sonrakı yeni dövrdə ABŞ-ın Azərbaycan hakimiyyəti ilə qarşıdan gələn dövrdə də sıx əməkdaşlıq istəyini bəyan etməsi Vaşinqtonun yeni reallığı qəbul etməsindən xəbər verir: “Sirr deyil ki, adətən demokratların hakimiyyəti dövrü Türk-İslam Dünyası ilə əlaqələrdə durğunluq müşahidə olunur. Lakin Co Baydenin məktubunda əməkdaşlığın təkcə köhnə ənənəvi sahələr üzrə deyil, həm də yeni istiqamətlər üzrə davam etdirilməsinə yönəlmiş təşəbbüs əksini tapıb. Bu onu göstərir ki, Vaşinqton Azərbaycanı Cənubi Qafqazda yeni güc mərkəzi kimi tanıyır, regionda öz maraqlarının təmin olunması üçün haqlı olaraq Bakı ilə əməkdaşlığın zərurət olduğunu qəbul edir. Təbii ki, böyük dövlətlər üçün yeni və müstəqil güc mərkəzlərini qəbul etmək sadə prosedur deyil. Lakin ötən dövr ərzində ABŞ Azərbaycanın qlobal səviyyədə sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi real töhfələrdən xəbərdardır. Bu mənada proseslərin hansı istiqamətə davam etməsindən, bu ölkədə demokrat, yaxud respublikaçıların siyasi xəttindən asılı olmayaraq, ABŞ-ın dövlət maraqları Bakı ilə əməkdaşlığın dərinləşdirilməsini tələb edir. Bayden hökuməti də xüsusən yeni geosiyasi reallıqda regionda İlham Əliyev Administrasiyası ilə əməkdaşlığın alternativi olmadığını artıq dəqiq qiymətləndirə bilir. Belə bir fonda təbii ki, Vaşinqtonun heç bir imkanı qaçırmayacağı aydın idi və milli bayramımız olan Novruzun yeni mərhələdə yaxşı başlanğıc üçün imkan kimi qiymətləndirilməsi Vaşinqton tərəfindən də çox uğurlu bir addımdır”.
Deputat vurğulayıb ki, bütün dünya dövlətləri, o cümlədən ABŞ-la sülh və əməkdaşlıq şəraitində yaşamaq, əməkdaşlıq etmək Prezident İlham Əliyevin siyasi kursunun tələblərinə cavab verir: “Bu mənada proseslərin gedişindən Bakı da məmnundur”.