İtkin şəxslərin ailələrinin yaxınlarının taleyi və harada olması barədə məlumat almaq hüququ siyasi danışıqlardan və daha geniş mübahisələrin həllindən asılı olmamalıdır.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında keçirilən panel sessiyada İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (OIC-IPHRC) Sədr müavini Hacı Əli Açıqgül deyib.
O bildirib ki, hər bir itkin şəxsin arxasında bir insan həyatı və illərlə qeyri-müəyyənlik içində yaşayan ailə dayanır:
“Bunlar xeyriyyəçilik aktları deyil. Bunlar hüquqi və mənəvi öhdəliklərdir. Komissiya itkin şəxslər barədə məlumatların mübadiləsi və yoxlanılması üçün qərəzsiz mexanizmin yaradılmasını, ailələrin proseslərin mərkəzində saxlanılmasını, DNT və digər məhkəmə-tibbi imkanların gücləndirilməsini təklif edib. “Bakı Dialoqu” çərçivəsində əldə olunan irəliləyişlərin mütəmadi qiymətləndirilməsi, BMT, İƏT, BQXK və digər qurumlar arasında koordinasiyanın gücləndirilməsi vacibdir".
Komissiyanın nümayəndəsi Azərbaycanda itkin şəxslərin ailələrinə həmrəylik ifadə edib və hər bir ailənin cavab alması üçün əməkdaşlığın real nəticələrə çevrilməsinə çağırıb.