Azərbaycanla Ermənistan arasında sülh daha çox İtaliya investisiyasının regiona cəlb olunmasına şərait yaradacaq.
APA xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Sülh yeni investisiyalar üçün yol açan seçimdir. Dünyanın bu hissəsində, çətin vəziyyətlərdə sülh naminə çalışan ölkələrə ehtiyacımız var”, – Tajani vurğulayıb.
İtaliyalı nazir Azərbaycanla iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinə toxunub.
O, enerji, xüsusilə neft-qaz sektoru, kritik xammal, infrastruktur, nəqliyyat və logistika, qabaqcıl sənaye, rəqəmsal texnologiyalar və bərpaolunan enerji sahələrini qeyd edib.
Nazir bildirib ki, Azərbaycan İtaliya üçün yaxın dost və strateji tərəfdaşdır. İki ölkə arasında iqtisadi əlaqələrin enerji sektorundan kənarda da genişləndirilməsi hədəflənir.