“Təəssüf ki, Liviya siyasi parçalanmaya məruz qalıb, qiyamçılar paytaxt Tripoliyə hücum edir”.
APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Liviyanın Xarici İşlər naziri Muhammed Siyala deyib.
Nazir bildirib ki, Xəlifə Xaftarın başçılığı ilə qiyamçılar əməliyyata başladıqdan sonra paytaxtda yaşayış binalarına ciddi ziyan vurulub: “BMT, dünya ictimaiyyəti yaşayış məskənlərinin, xəstəxanaların bombalanmasını pisləyib. Xalqımız bu qarşıdurma əziyyət çəkir. Eyni zamanda bu hücumların kənardan idarə olunduğunu bilirik. Biz beynəlxalq ictimaiyyəti Liviyanın qanuni hökumətini dəstəkləməyə çağırırıq. Bu gün bizim dövlətçiliyimiz sual altına qoyulur. İstəyirik ki, dövlətimiz dinc şəraitdə yaşasın”.
M. Siyala qeyd edib ki, qiyamçılara rəhbərlik edənlərin bir hissəsi əvvəllər keçid hökumətinin üzvü olub: “Əslində, bu müharibə bütün regiona mənfi təsir göstərir. Qiyamçılar deyirlər ki, guya Liviyanı terrorçuların əlindən qurtarmaq istəyirlər. Lakin bu yalandır. Məhz bizim hökumət ölkənin müxtəlif ərazilərini terrorçulardan azad edib. Ölkəmizdəki vəziyyət bütün dünya üçün narahatlıq mənbəyidir. Qiyamçılar digər ölkələrin ərazilərindən istifadə edərək əməliyyatların miqyasını genişləndirmək istəyirlər”.
Nazir diqqətə çatdırıb ki, üzləşdiyi problemlərə baxmayaraq, ölkəsi Qoşulmama Hərəkatında fəal iştirak etməyə çalışır: “Liviya BMT Təhlükəsizlik Şurasında aparılan islahatların da tərəfdardır. Təhlükəsizlik Şurasının daha ədalətli olmasını istəyirik. Biz Liviya xalqının gələcəyini təmin edəcəyik”.