Men Ştatının Nümayəndələr Palatasının üzvü: Şuşaya səfər mənim üçün unudulmaz oldu

ABŞ-nin Men Ştatının Nümayəndələr Palatasının üzvü Deka Dalak BMTM-də

© APA | ABŞ-nin Men Ştatının Nümayəndələr Palatasının üzvü Deka Dalak BMTM-də

# 24 may 2024 12:28 (UTC +04:00)

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər, orada gördüyümüz dağıntılar bizdə təəssüf hissi, eyni zamanda misilsiz təəssüratlar oyatdı".

APA xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan ABŞ-nin Men Ştatının Nümayəndələr Palatasının üzvü Deka Dalak Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindəki mətbuat konfransında deyib.

O, azad edilmiş ərazilərdə səfərdə olduğunu bildirib və Azərbaycan hökumətinin həmin bölgələrdə həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bağlı fikrini bölüşüb: "Şuşaya səfərimiz mənim üçün unudulmaz oldu. Xüsusilə də Azərbaycan hökumətinin 4 il ərzində Şuşa, Laçın və digər işğaldan azad olunan ərazilərdə gördüyü bərpa və yenidənqurma işlərindən danışmaq istəyirəm. Əlbəttə ki, hökumət məcburi köçkünlərin ən qısa müddətdə öz evlərinə qayıtması üçün əlindən gələni edir. Bu işlərin tərkib hissəsi olaraq hazırda minalardan təmizlənmə prosesi sürətlə davam etdirilir. Bu, təbii ki, uzun müddət davam edən prosesdir. Mən ümid edirəm ki, Azərbaycan Respublikası bu işi uğurla başa çatdıracaq".

Ştatın senatoru Cill Dyuson isə noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasının əhəmiyyətinə toxunub:

"COP29 diqqəti iqlim dəyişikliyi probleminə cəlb etmək üçün təşkil olunan mühüm əhəmiyyətli tədbirdir. Ölkənizin bu konfransa ev sahibliyi etməsinin əhəmiyyəti faydalı qazıntı yataqları ilə zəngin Azərbaycanın bu problemə böyük əhəmiyyət verdiyini göstərir. Biz əlbəttə ki, ölkənizlə yaşıl enerji və bərpa olunan enerji mənbələrindən istifadə, habelə yüksək texnologiyalar sahələri üzrə əməkdaşlıq etmək istəyirik. Digər tərəfdən hesab edirəm ki, istər iqlim dəyişikliyi ilə mübarizə, istərsə də təhsil, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə əhəmiyyətli tərəfdaşlıq üçün geniş imkanlar mövcuddur".

Qeyd olunub ki, hazırda Men Ştatında Azərbaycan tərəfi ilə ali təhsilin müxtəlif pillələri üzrə tələbə mübadiləsi proqramı, o cümlədən elm, mədəniyyət, birgə infrastruktur layihələrin həyata keçirilməsi kimi səmərəli tərəfdaşlıq fürsətləri nəzərdən keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR