Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib
# 24 may 2024 22:20 (UTC +04:00)

Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlərin Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.

Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna da ziddir. Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlar və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosekin söylədiyi fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir.

Məktubun mətnində deyilir: “Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20% ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur”.

Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.

Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR