Rusiya və Ukrayna arasında müharibə bölgə üçün böyük bir problemdir. Təşkilat olaraq istərdik ki, bu məsələ sülh yolu ilə həllini tapsın.
Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş katibi Asəf Hacıyev APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq münasibətlərin əsas prinsipidir: “Biz bu məsələdən narahatıq. Qısa zaman ərzində sülhə nail olunmasını istərdim. Ölkələrin ərazi bütövlüyü mütləq şəkildə qorunmalıdır”.
Asəf Hacıyev QDİƏT-in üç ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa İttifaqına üzv ölkələr olduğunu vurğulayıb: “Bu ölkələrin Rusiya və Ukrayna ilə münasibətləri necə olacaq?! Bundan əlavə, Ukrayna hava məkanı bütün uçuşlar üçün bağlanıb. Təbii ki, bu sadəcə iki ölkə deyil, bütün regionun ticari-iqtisadi inkişafı üçün böyük zərbə olacaq”.