Mərkəzi Asiya ölkələri və Azərbaycan birgə istehsal zəncirləri yaradaraq “6 iqtisadiyyat – 1 məhsul” formulunun reallaşdırılmasına çalışmalıdır.
APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.
Onun sözlərinə görə, region ölkələri arasında adi mal mübadiləsi artıq kifayət deyil, bir neçə dövlətin iştirak etdiyi istehsal zəncirləri əsasında ortaq son məhsullar yaradılmalıdır:
“Birgə məhsul istehsal edildikdə iqtisadiyyatlarımız arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr formalaşır. "6 iqtisadiyyat – 1 məhsul" formulu qarşıya qoymalı olduğumuz məqsədin mahiyyətini yaxşı ifadə edir”.
Özbəkistan Prezidenti bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib.
Şavkat Mirziyoyev, həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, iqtisadi əməkdaşlığın yeni mərhələsində birgə sənaye və texnoloji zəncirlərə, ortaq rəqəmsal xidmətlərə, eləcə də iri layihələrin daha sürətlə həyata keçirilməsinə imkan verən investisiya mexanizmlərinə xüsusi diqqət yetirilməlidir.