Bank Of Baku

Səfir: “Azərbaycan-İran münasibətləri bundan sonra da inkişaf edəcək”

Əli Əlizadə

© APA | Əli Əlizadə

# 07 mart 2022 17:00 (UTC +04:00)

“Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasını ilk tanıyan ölkələr sırasında olan İran İslam Respublikası ilə əlaqələrimiz bu 30 il ərzində möhkəmlənib və inkişaf edib”.

APA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadənin Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı təbrik mesajında yer alıb.

“Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi əsrlər boyu tarixi, mədəni, mənəvi dəyərlərlə bir-birinə bağlı olan qardaş xalqlarımızın ürəyi həmişə bir döyünmüş və ortaq bağlarımız əlaqələrimizi daha da dərinləşdirib. Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırıb və möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə Azərbaycan Respublikasının xüsusi önəm verdiyini bildirib. Bu 30 il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən İran İslam Respublikası da ölkəmizlə əlaqələrə xüsusi önəm verib və Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və dövlət sərhədlərinə nəzarətinin təmin olunması münasibətilə Azərbaycan Respublikasının Prezidentini təbrik etməsi Azərbaycan xalqı və dövləti tərəfindən məmnunluqla qarşılanıb. İki ölkə prezidentinin ötən ilin noyabr ayında səmimi görüşü və iki ölkə arasında əməkdaşlığın daha da artırılmasına dair qərarları münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına öz töhfəsini verib”, - diplomat vurğulayıb.

Səfir qeyd edib ki, hazırda iki ölkə arasında mövcud olan Dövlət Komissiyasının, parlamentlərarası dostluq qruplarının, müxtəlif sahələrdə birgə işçi qruplarının səmərəli fəaliyyəti davam edir və qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir: “İqtisadi-ticari, humanitar, nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gündən-günə genişlənməsi və iki ölkə arasında ticarət dövriyyəsinin artması da əlaqələrimizin doğru istiqamətdə olmasından xəbər verir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə yaranmış yeni imkanlar, iki ölkənin “3+3” və digər regional formatlarda, eləcə də müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığı əlaqələrimizin möhkəmlənməsinə təkan verən amillərdəndir. İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlan Azərbaycan-İran münasibətləri bundan sonra da yüksələn templə inkişaf edəcək, qarşılıqlı səmərəli əməkdaşlığımız regionda davamlı sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 30 illik yubileyi münasibətilə hər iki ölkənin dövlət rəsmilərini və əziz xalqlarını ürəkdən təbrik edir, hər iki ölkəyə daim sülh və tərəqqi arzulayıram”.

Xatırladaq ki, 12 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələr yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR