Spiker: Latviyalı iş adamlarının Şuşanın bərpasında iştirakı imkanlarını Azərbaycan Prezidenti ilə müzakirə etdik

Spiker: Latviyalı iş adamlarının Şuşanın bərpasında iştirakı imkanlarını Azərbaycan Prezidenti ilə müzakirə etdik
# 20 may 2024 13:45 (UTC +04:00)

“İlk dəfədir ki, Azərbaycana səfər edirəm. Bu gözəl ölkəyə səfər etmək xoşdur”.

APA xəbər verir ki, bunu Bakıda səfərdə olan Latviya Parlamentinin spikeri Daiga Mierina mətbuat konfransında deyib.

O, səfər çərçivəsində keçirdiyi görüşlərdən danışıb.

“Ölkə ilə tanışlıq çərçivəsində dünən Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə Qarabağ regionuna, Şuşaya və Füzuliyə səfər etdik, eyni zamanda orada baş vermiş faciəli tarixi məqamları, keçmişin izlərini görmək şansımız oldu”.

Spiker Azərbaycanın Latviyanın vacib tərəfdaşı olduğunu deyib.

“Bu il diplomatik əlaqələrimizin 30 illiyini qeyd edəcəyik, amma mədəni-tarixi əlaqələrimiz daha qədimdir. Sabah iki mühüm mədəni tədbirin açılışında iştirak edəcəyik. Bu tədbirlərdən biri Birinci və İkinci Dünya müharibəsi arasındakı illərdə Azərbaycanda yaşamış latviyalı yazıçı yazdığı və Azərbaycan dilinə tərcümə olunan kitabı ilə bağlı olacaq. Sabah həmçinin, latviyalı rəssam Yulis Strausun sərgisinin açılışı olacaq. Bu rəssam üç il Şuşada yaşayıb, o, Azərbaycan xalçalarının özəlliklərini toplayaraq sərgisini təşkil edir”, spiker deyib.

Parlament spikeri qeyd edib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və görüşdə iki ölkə arasında münasibətlər, əlaqələrin dərinləşməsi perspektivləri müzakirə olunub.
"Latviyalı iş adamlarının Şuşa şəhərinin bərpasında iştirakı imkanları, bunun potensialı ətrafında müzakirə apardıq. Həmçinin, regionun kənd təsərrüfatında Latviyanın təcrübəsinin bölüşdürülməsi istiqamətində müzakirə aparılıb", - o deyib.

O, parlamentlərarası münasibətlərdən də danışıb.

"Parlamentlərarası münasibətlərin dərinləşdirilməsi istiqamətində azərbaycanlı həmkarımla ətraflı müzakirələr apardım. Biz həmçinin, Latviyanın Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha ifadə etdik".

Spiker çox beynəlxalq ictimaiyyətin nümayəndələrinin Azərbaycana səfərinə də toxunub.

“Daha çox beynəlxalq ictimaiyyətin nümayəndələrinin səfəri Azərbaycanın həqiqətlərinin daha çox öyrənilməsi ilə nəticələnə bilər. Mən sülh danışıqlarına görə ölkəni təbrik edirəm və ölkənizə hərtərəfli sülh əldə etməyi arzu edirəm. Biz hava limanında olduq, Şuşada olduq, bu ərazilərin dağıntılardan sonra necə sürətlə böyük quruculuq işlərini görmək bizi sevindirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR