Paşha Bank
Bank Of Baku

Thonqlun Sisulit: Laosun AQEM-ə qoşulması sülh və əməkdaşlığın təşviqinə sadiqliyi nümayiş etdirir

Thonqlun Sisulit: Laosun AQEM-ə qoşulması sülh və əməkdaşlığın təşviqinə sadiqliyi nümayiş etdirir
# 15 oktyabr 2026 13:40 (UTC +04:00)

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) BMT-nin məqsəd və vəzifələrinin praktiki həyata keçirilməsinə töhfə verən mühüm əməkdaşlıq mexanizmidir.

APA xəbər ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident bildirib ki, Laosun AQEM-ə qoşulması ölkəsinin dialoq və etimadın möhkəmləndirilməsi yolu ilə sülhün və əməkdaşlığın təşviqinə sadiqliyini nümayiş etdirir.

“AQEM-in tamhüquqlu üzvü olmaq bizim üçün yalnız milli qürur məsələsi deyil, həm də Asiyada və bütün dünyada etimadın möhkəmləndirilməsinə, sülh və təhlükəsizliyin qorunmasına, davamlı inkişaf və ümumi rifah naminə əməkdaşlığa töhfə vermək baxımından böyük missiya və məsuliyyətdir”, – Thonqlun Sisulit vurğulayıb.

Prezident AQEM-i BMT-nin məqsəd və vəzifələrinin praktiki həyata keçirilməsinə töhfə verən mühüm əməkdaşlıq mexanizmi kimi qiymətləndirib.

Thonqlun Sisulit ölkəsinin regional nəqliyyat və logistika əlaqələrinin inkişafına da xüsusi diqqət yetirdiyini bildirib. O qeyd edib ki, 2021-ci ildə istifadəyə verilən Laos–Çin dəmir yolu ölkənin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.

“Gələcəkdə bu mühüm dəmir yolu şəbəkəsinin Mərkəzi Asiya və daha geniş Avrasiya regionu istiqamətində uzadılması üçün əməkdaşlıq etməyi, bu prosesdə Azərbaycandan bir qapı kimi istifadə etməyi hədəfləyirik”, – prezident bildirib.

O, həmçinin rəqəmsal transformasiyanın və davamlı inkişafın iqtisadi artımın əsas hərəkətverici qüvvələri olduğunu vurğulayıb: "Laos AQEM çərçivəsində rəqəmsal bərabərsizliyin azaldılması, elektron ticarətin inkişafı və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini dəstəkləyir".

Prezident iqlim dəyişikliyinin yaratdığı problemlərə toxunaraq yaşıl enerjiyə keçidin sürətləndirilməsi, su ehtiyatlarının dayanıqlı idarə olunması və ətraf mühitin qorunması sahələrində AQEM üzvü dövlətlərlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonda Thonqlun Sisulit AQEM-in ənənəvi məsləhətləşmə forumundan öz Nizamnaməsi olan tamhüquqlu hökumətlərarası təşkilata çevrilməsini nəzərdə tutan uzunmüddətli fəaliyyət planını dəstəklədiklərini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR