Bank Of Baku

Türkiyə PA-nın nümayəndəsi: Türk dünyasında media sahəsində əməkdaşlığı inkişaf etdirməliyik

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbər müavini Prof. Dr. Ferhat Pirinççi

© APA | Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbər müavini Prof. Dr. Ferhat Pirinççi

# 15 sentyabr 2026 13:01 (UTC +04:00)

"Türk dünyasında media və kommunikasiya sahəsində əməkdaşlığı inkişaf etdirməliyik".

APA xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbər müavini Prof. Dr. Ferhat Pirinççi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu çərçivədə ötən həftə Qazaxıstanda, bu gün isə Bakıda müxtəlif panellər və tədbirlər keçirilib:
“Bundan sonrakı həftələrdə Türk Dövlətləri Təşkilatının digər üzv ölkələrində də müxtəlif panellər və tədbirlər keçiriləcək. Bu tədbirlər vasitəsilə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə daha möhkəm ideya bazasının formalaşdırılmasına, dialoqun inkişaf etdirilməsinə və gücləndirilməsinə başlayırıq”.

Ferhat Pirinççi bildirib ki, Bakıda keçirilən tədbirə böyük maraq göstərilib.

“Azərbaycanda akademik dairələrdən, mediadan, jurnalistlərdən və xüsusilə Azərbaycan Milli Məclisinin dəyərli deputatlarından çox böyük maraq oldu. Panelistlərimiz çıxışlarında çox mühüm məqamlara toxundular”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatına və türk dünyası ideyasına böyük maraq göstərir:
“Bu gün Bakıda bir daha gördük ki, Azərbaycan həm Milli Məclisi, həm mediası, həm vətəndaşları, həm də akademik dairələri ilə Türk Dövlətləri Təşkilatına, türk dünyası ideyasına çox meyilli, çox maraqlı və diqqətlidir. Bu münasibətlərin inkişaf etdirilməsi üçün hər səviyyədə lazımi səyləri göstərirlər”.

Ferhat Pirinççi qeyd edib ki, dünən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevlə də görüşüb.

“İki ölkə münasibətləri ilə yanaşı, türk dünyasında media sahəsində əməkdaşlığın necə inkişaf etdirilə biləcəyini müzakirə etdik. Gördük ki, o da eyni şəkildə türk dünyasındakı əməkdaşlığın, kommunikasiya sahəsində əməkdaşlığın, media və dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsində bizimlə eyni fikirləri bölüşür”, – deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR