“Azərbaycanla strateji tərəfdaşlıq Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir”.
APA-nın xəbərinə görə, bu sözləri Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının “Şərq tərəfdaşlığı” departamentinin direktoru Lourens Meredit Bakıda “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış konfransında deyib.
O bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Azərbaycanın xarici ticarət dövriyyəsinin 50%-ni Avropa İttifaqı ilə əlaqələr təşkil edir. Avropa İttifaqı eyni zamanda Azərbaycanın ən böyük investorudur və 7 milyard birbaşa investisiyamız var. Sabah Bakıda keçiriləcək Avropa İttifaqı-Azərbaycan biznes forumunda iştirak edəcəyəm. Bunun mühüm tərəfi ondan ibarətdir ki, Avropa İttifaqı biznesi ilə Azərbaycanın biznesi bir araya gətirilir. Azərbaycanın cəhdlərinə dəstək veririk ki, öz iqtisadiyyatını gücləndirsin və diversifikasiya etsin”.
L. Mereditin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin müzakirəsi bir daha göstərir ki, hər iki tərəf münasibətlərin dərinləşməsini gözləyir: “Azərbaycan iqtisadiyyatının müasirləşməsi bizim marağımızdadır”.