“Bundan sonrakı əsas hədəfimiz - davamlı inkişaf olmalıdır”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısından sonra təşkil olunan mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
1990-cı illərin əvvəllərinin bəzi ölkələrin dağıldığı, bəzi ölkələrin müstəqillik elan etdiyi, qlobal sistemin yenidən qurulduğu bir dönəm olduğunu xatırladan prezident Ərdoğan regional münaqişələr və etnik gərginliklərin ən yüksək səviyyəyə çatdığı, dünyanın yeni sistemə, yoxsa xaosa yönəldiyinə dair mübahisələrin yaşandığı bir atmosferdə yaranan təşkilatın böyüyərək 25-ci yaş gününə çatdığını söyləyib: “Qara dəniz iqtisadi Əməkdaşlıq Təşkilatını quranda bəziləri bu qurumun yaşayacağına ehtimal vermirdi. Lakin indi təşkilatın dünyada hörmət edilən bir qurum halına gəldiyini görürük”.
2017-ci ilin əvvəlindən bəri gələcəkdəki 15 ilin əsas məsələsi olan “Davamlı inkişaf” mövzusunu sədrliklərinin əsas gündəm maddəsinə çevirdiklərini vurğulayan prezident Ərdoğan aşağıdakıları söyləyib: “Dünyanın müxtəlif bölgələrində iqtisadi qeyri-bərabərliklər davam edərkən “davamlı inkişaf”ın şüardan o tərəfə keçə bilməyəcəyini bilirik. Limitsiz istehsal ehtirası və yüksək gəlir düşüncəsi ilə əsas ərzaq maddələrinə belə təhlükəli şeylərin qarışdırıldığı bir dönəmdə bu məsələyə lazımi əhəmiyyətin verilmədiyini düşünürük. Milyardlarla insan səfalət içində yaşayarkən inkişafın davam etdirilə bilməsi üçün hamının daha çox cəhd göstərməsi lazımdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bu məsələdə qabağa düşə biləcəyinə inanırıq”.
Təşkilata üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin toplantısını 11 mayda, kənd təsərrüfatı nazirlərinin toplantısını isə 17 mayda keçirdiklərini xatırladan R. T. Ərdoğan, 21 iyunda səhiyyə nazirlərinin toplantısını keçirəcəklərini diqqətə çatdırıb. O, zirvə toplantısının yekun bəyannaməsinin qəbul edildiyini və keçən ilin dekabrında Serbiyadan təhvil aldıqları dönəm sədrliyini 29 iyunda Ukraynaya təhvil verəcəklərini bildirib.