“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı ölkələr arasında siyasi, iqtisadi və ictimai həmrəyliyə təkan verməyə davam edəcək”.
APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” beynəlxalq konfransında çıxışı zamanı Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məsut Özcan deyib. O bildirib ki, bu formatla yanaşı, Türkiyə, Azərbaycan, İran, Türkmənistan arasındakı əməkdaşlıq formatları bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq ehtiyacını ciddi şəkildə həll etməyə çalışır: "Bu formatlarla paralel, akademik və cəmiyyət səviyyəsində də təmaslar gerçəkləşir. Türkiyə həm Azərbaycan, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək bu problemlərin beynəlxalq hüquq çərçivəsində həlli üçün hər cür səy göstərir. Təəssüf ki, ötən ilin aprelində Dağlıq Qarabağda istənilməyən hadisələr baş verdi. Atəşkəsin pozulması mənfi nəticələrə gətirib çıxardı. Sonradan atəşkəsin bərpası və üçtərəfli görüşlərin keçirilməsinə baxmayaraq, bunun sülh və təhlükəsizliyin bərqərar olmasına yol açmadığını görürük. Bölgədə sülh və təhlükəsizliyin təminatı baxımından beynəlxalq platformada Azərbaycan və Gürcüstanı dəstəkləməyə davam edirik”.