“Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib

“Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib
# 11 may 2018 13:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ağdam rayonunda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, FHN-in və Ağdam rayon İcra Hakimiyyətinin məsul işçiləri, həmçinin FHN-in Qarabağ bölgəsində fəaliyyət göstərən qurumlarının əməkdaşları və Ağdam rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, konfrans nümayəndələri Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Konfrans Ağdam rayon Mədəniyyət evində Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbiri açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Ümummilli liderin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi - xronoloji nəzər salıb, Azərbaycana rəhbərlik etdiyi 34 illik dövrdə gördüyü işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz dahi rəhbərin adı ilə bağlıdır.

Ermənilərin Dağlıq Qarabağa olan haqsız iddialarına və məkrli fəaliyyətlərinə qarşı mübarizə ulu öndərin həyatının əsas qayəsindən birini təşkil edib. Hələ sovet hakimiyyəti illərində erməni millətçilərinin Dağlıq Qarabağa olan iddiaları tarixi şəxsiyyətin müdrik və uzaqgörən siyasəti ilə qətiyyətlə alınıb, Dağlıq Qarabağı Azərbaycana iqtisadi və mədəni cəhətdən bağlamaq üçün 70-ci illərdə Bakı-Xankəndi dəmir yolu xətti, Azərbaycan Pedaqoji Universitetinin Xankəndi filialı və Vaqifin abidəsinin açılışı kimi bir çox uzaqgörən işlər həyata keçirilib.

1978-ci ildə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarını sübut etmək üçün Xankəndində ermənilərin Qarabağa gəlişinin 150 illiyini sübut edən abidənin qoyulması erməni iddialarına qarşı ən müdrik fəaliyyətlərdən biri olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasının qarşısını alıb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Ümummilli liderin Azərbaycan naminə titanik siyasi fəaliyyətinə geniş nəzər salıb, qeyd edib ki, bugünkü müstəqil və güclü Azərbaycan Ulu öndərin şah əsəridir. Dünya şöhrətli siyasətçi Heydər Əliyev SSRİ rəhbərliyində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdlərini qətiyyətlə dəf edib. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açılıb.

Natiq bildirib ki, dahi şəxsiyyət Azərbaycanın milli tarixi ilə sıx bağlı olub, öz taleyini Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyinə sərf edib. Azərbaycan xalqı daim ona inanıb.

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da çıxış edərək Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, Qarabağın milli-mədəni sərvətlərinin mühafizəsi ilə bağlı həyata keçirdiyi tarixi tədbirlərdən söz açıblar.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR