Yazıçılar Birliyində “Məmməd Araz poeziya günü” keçirilib

Yazıçılar Birliyində “Məmməd Araz poeziya günü” keçirilib
# 14 oktyabr 2016 15:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir xalq şairi Məmməd Arazın doğum günü münasibətilə təşkil edilib.

Tədbirdə şairin həyat yoldaşı Gülxanım Fətəliqızı, şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Birliyin katibi İlqar Fəhmi bildirib ki, təmsil etdiyi qurum Məmməd Arazın anım gününü poeziya günü kimi keçirmək haqqında qərar verib.

Şair-tədqiqatçı Qardaşxan Əzizxanlı Məmməd Arazın həyat və yaradıcılığından danışıb, qeyd edib ki, şairin poeziyası bir neçə ədəbi nəslin yetişməsində müstəsna rol oynayıb.

Poeziya günündə məktəblilərin ifasında “Bizi vətən çağırır”, “Üstümə qayıdan yazılarım”, “Getdilər” və s. şeirləri səsləndirilib, “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ingilis dilində oxunub.

Tədbirdə Musa Yaqub, Sevda Tahirli, Çingiz Əlioğlu, Əlişirin Şükürlü, Abbas Abdulla və digərləri çıxış edərək poeziyanı gününün davamlı olaraq keçirilməsini təklif ediblər.

Poeziya Günündə Məmməd Arazın əlyazmalarından ibarət “Qarabağ simfoniyası” kitabı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR