“Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” adlı tədbir keçirilib

“Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” adlı tədbir keçirilib
# 23 dekabr 2016 09:29 (UTC +04:00)

Azərbaycanın Dini Qurumalarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə bu gün “Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə DQİDK-nin müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, dini konfessiyaların rəhbərləri, gənclər iştirak edib. G. İsmayılov bildirib ki, prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi dövlət-din sahəsində də həyata keçirdiyi siyasət Heydər Əliyev tərəfindən qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır: “İslam bizim üçün təkcə din deyil, mədəniyyət, milli-mənəvi dəyər, mənəviyyat deməkdir. Azərbaycanda din dedikdə təkcə İslam deyil, digər dinləri də nəzərdə tutulur. Ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, dövlətin himayəsi altında inkişaf etdirilməsinə 1993-cü ildən başlanılıb”.

G. İsmayılov Azərbaycan üçün asan olmayan illərdə dini dəyərlərin qorunması istiqamətində görülən işlərdən, məscidlərin, tarixi-dini abidələrin bərpa olunmasından, yenilərinin tikilməsindən danışıb. Qeyd edib ki, Azərbaycanda bütün tarixi sinaqoqlar bərpa olunub: “Bakının mərkəzində ölkə prezidentinin sərəncamı ilə yeni bir sinaqoq inşa edilib”.

O bildirib ki, milli-mənəvi dəyərlərin qorunması həm də dövlətçiliyin əsasını təşkil edir.

S. Orucov çıxışında ölkədə tolerantlığın, multikulturalizmin qorunması, bu sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi bəhrələrdən danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurulla bildirib ki, şərqdə, İslam aləmində baş verən hadisələrin kökünü araşdıranda mənbə dünyada demokratiyanın qurucusu kimi özünü təqdim edənlərə gedib çıxır: “Dünyada qan tökənlər heç vaxt udmayıblar və udmayacaqlar da. Özünü demokratiya qurucusu kimi təqdim edənlər çoxsaylı terror təşkilatı yaradır, silah istehsal edir və günahsız insanların məhvinə səbəb olurlar. Azərbaycan torpaqları da bu gün işğal altındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR