Kaliforniyada Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Kaliforniyada Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib
# 12 may 2017 13:37 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlər keçirilib.

Rayon İH-dən APA-ya verilən məlumata görə, bu məqsədlə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti Kaliforniyada səfərdədir.

Proqrama uyğun olaraq Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, Los Anceles və San Dieqo şəhərlərində konsertlər keçirilib, “Əli və Nino” filmi nümayiş etdirilib, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi və Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüşlər olub.

Mayın 6-da Los Ancelesdə ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqi və rəqslər təqdim olunub.

Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.

Asif Əsgərov Heydər Əliyevin həyat yolu və müasir Azərbaycanın qurulmasında xidmətləri barədə danışıb.

Sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx nümayiş olunub.

Daha sonra incəsənət ustalarının konsert proqramı təqdim olunub. Xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova və gənc müğənni Arzu Əliyeva, rəqqasə Röya Əliyeva, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, tanınmış ifaçılar Aydın Əliyev, Elşən Qasımov və Nərgiz Əliyevanın çıxışları rəğbətlə qarşılanıb.

Konsertdən sonra Los Ancelesin siyasi – ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akkreditlə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.

Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilib.

Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən Regal Cinema Mərkəzində nümayiş olunub.

San Dieqoda növbəti tədbir Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında açılıb. “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı sərgidə mart ayında Bakıya səfər etmiş Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirilib.

Mayın 10-da isə Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.

Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərin getdikcə daha da yaxınlaşmasından məmnun olduğunu diqqətə çatdırıb.

R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim edib.

Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub.

Qeyd olunub ki, Kaliforniyada işçi səfərdə olan Nəsimi rayon nümayəndə heyəti tərəfindən Los Anceles və San Dieqo şəhərində San Dieqo Vilayətinin Nəzarətçilər Şurasında, San Dieqo Şəhər Şurasında və digər önəmli rəsmi dairələrdə bir sıra görüşlər keçirilib.

Keçirilən görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakının Nəsimi rayonunun qardaşlaşdığını qeyd edərək, Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR