ABŞ məhkəməsi ABB-nin kreditorlarının iddiasını rədd edib - YENİLƏNİB

ABŞ məhkəməsi ABB-nin kreditorlarının iddiasını rədd edib - <span style="color: red;">YENİLƏNİB
# 29 iyun 2017 13:55 (UTC +04:00)

Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun etirazını rədd edərək bankın xeyrinə qərar çıxarıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması qət edilib. ABB-dən bildirilib ki, bu yekun qərara əsasən, restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar Azərbaycan Beynəlxalq Bankına və onun ABŞ-dakı aktivlərinə qarşı hər hansı iddia irəli sürə bilməyəcək.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib: “Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi. Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq”.

Qeyd edək ki, səsvermənin nəticələri 18 iyul 2017-ci il tarixində nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.

*** SAAT 15:29

Nyu-Yorkda yerləşən ABŞ-ın Müflisləşmə Məhkəməsi bu gün keçirilən iclasda Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası planından narazı olan kreditorların irəli sürdüyü iddianı rədd edib.

APA-Economics”in “Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, məhkəməyə sədrlik edən hakim Ceyms Harriti bəyan edib ki, kreditorlar tərəfindən qaldırılan məsələlər ABŞ-ın fundamental prinsiplərin pozulması kimi dəyərləndirilə bilməz.


ABB-nin vəkili Tomas Makrayt məhkəmədə çıxışı zamanı bildirib ki, məhkəməyə ABŞ və Avropa kreditorları müraciət edib: ”Bankın onlara ümumilikdə 220 mln. dollar borcu var. Bu isə ümumi restrukturizasiya olunan öhdəliyin 10%-nə bərabərdir. Həmin vəsait “Fidelity Management & Research Co.”, “Franklin Templeton Investment Management Ltd.”, “Promeritum Investment Management LLP” və “VR Global Partners LP” şirkətləri tərəfindən idarə olunur. Bankın ən iri kreditoru “Cargill Financial Services International Inc.” şirkətidir. ABB-nin həmin şirkət qarşısında 715 mln. dollar məbləğində öhdəliyi var. Şirkət restrukturizasiya planını dəstəkləyir”.

Xatırladaq ki, ABB xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin iyunun 19-dan başlandığını və bu prosesin 18 iyul 2017-ci il tarixində tamamlanacağını açıqlayıb.

Xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar təqdim edilir:

• Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.

• Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.

• “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.

• Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:

- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.

- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.

- 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR