Azərbaycan "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda təmsil olunur
APA Azeri Press Agency

Azərbaycan "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda təmsil olunur

[ 16 May 2018 17:59 ] | Vüsal Nəbiyev

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə  dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.

 

"TİBO-2018" sərgisində Azərbaycan da daxil olmaqla dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.

 

Azərbaycan "TİBO-2018" sərgi-forumunda milli pavilyonla təmsil olunur.

 

Qeyd edək ki, Mayın 18-dək davam edəcək sərgiyə təşkil olunan VİP tur çərçivəsində Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

 

Məlumat üçün bildirək ki, sərgi-forum Belarus Respublikasında hər il keçirilir, informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur.

 

"TİBO-2018" sərgisinin ekspozisiyasına milli informasiya infrastrukturu, informasiya-kommunikasiya xidmətləri, telekommunikasiya operatorları üçün kompleks həllər, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması üzrə xidmətlər, rəqəmli teleradio, internet-yayımı, mobil proqramlar, sosial-mədəni sahədə informasiya texnologiyaları, geoinformasiya və naviqasiya texnologiyaları, robot texnikası kimi sahələr daxildir.

 

Sərgi-forumunun Təşkilat Komitəsi tərəfindən gənclər arasında sahibkarlığın inkişafı, startaplara dəstək, gənclər arasında İT texnologiyalarının populyarlaşması kimi məsələlərə xüsusi diqqət ayrılıb.

 

"TİBO-2018"  çərçivəsində rəqəmli bazarların transformasiyası məsələlərinin müzakirəsi məqsədi ilə Avrasiya qitəsi ölkələrinin ilk rəqəmli forumu keçirilir. Bu tədbir "Bir qütb, bir yol" təşəbbüsü ilə həyata keçirilən layihələrə bazar və rəqabət üstünlükləri qazandıra bilər.