Komitə sədri: “Təhsildə sertifikatlaşdırmanı həyata keçirən qurumlar aşkarlığı qorumalıdırlar”

 Komitə sədri: “Təhsildə sertifikatlaşdırmanı həyata keçirən qurumlar aşkarlığı qorumalıdırlar”
# 13 iyun 2018 13:40 (UTC +04:00)

“Təqvim ilinin sonunadək 6 yaşına çatmış uşaqların birinci siniflərə qəbul edilməsi mövcud narazılıqların qarşısının alınmasına şərait yaradacaq. Eyni zamanda, uşaqların yaşadıqları ərazidəki məktəblərə qəbuluna üstünlük verilməsi də əhəmiyyətli addımdır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.

O qeyd edib ki, bununla bərabər, “Təhsil haqqında” Qanun layihəsində nəzərdə tutulan sertifikasiya ilə əlaqədar irəli sürülən mülahizələr birtərəflidir: “Sertifikatlaşdırma indiyədək Azərbaycan təhsil sistemində tətbiq olunan Attestasiyanın bir qədər fərqli formasıdır. Attestasiya zamanı yalnız təhsil verənlərin peşə hazırlığının səviyyəsinə nəzər salınırdısa, sertifikatlaşdırma prosesində həm də təhsilə yararlı olan prinsiplərə də diqqət yetirilir. Yəni müəllimlərin peşə hazırlığı ilə yanaşı, onun səhhətinin, ictimai fəaliyyətinin də qiymətləndirilməsi nəzərdə tutulur. Təhsil sahəsində inkişaf etmiş ölkələrdə attestasiya və ya sertifikatlaşdırmanın ikisindən biri tətbiq olunur. Bu, müəllimlərin daim öz üzərlərində işləmələrinə, elmi yenilikləri, innovasiyaları öyrənməkdə maraqlı olmalarına, ictimai fəallığına zəruri bir tələb yaradır, arxayınçılığı aradan qaldırır, özünütəhsilin ardıcıllığını təmin etməyə kömək edir. Deputat həmkarlarımızın sertifikatlaşdırmanın elmlər doktorlarına, elmlər namizədlərinə də şamil ediləcəyi barədəki fikirləri tam əsassızdır. Çünki “Təhsil haqqında” qanuna edilən dəyişiklik yalnız ümumi təhsil müəssisələrinə, ənənəvi qaydada desək, orta məktəb müəllimlərinə aiddir. Sertifikatlaşmanın ali təhsil pilləsinə, o cümlədən də fəlsəfə doktorları və elmlər doktorlarına heç bir dəxli yoxdur. Yəqin ki, deputat həmkarlarım layihənin mətnindəki “ümumi təhsil” anlayışının dəqiq mahiyyətinə fikir verməyiblər. “Ümumi təhsil” yalnız orta təhsil pilləsi deməkdir”.

İ. Həbibbəyli qeyd edib ki, bundan başqa, heç orta məktəb müəllimlərinin də hamısının sertifikatlaşdırmadan keçmələri nəzərdə tutulmur: “Pedaqoji sahədə birinci beş il çalışanlar, analıq məzuniyyətində olanlar, əvvəllər attestasiyadan keçənlər, üç dəfə attestasiyadan keçmiş şəxslər və başqa kateqoriyadan olanların sertifikasiyadan keçmələri tələb olunmur. Heç şübhəsiz, sertifikatlaşdırmanın əsasnaməsi hazırlanarkən ən zəruri tələbləri əks etdirən sadə bir yoxlama qaydası yaradılmasına ciddi fikir verilməli, bu prosesi həyata keçirən qurumlar obyektivliyi, şəffaflığı və aşkarlığı qorumalıdırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR