“Kredobank”da əhalinin əmanətlərinin həcmi 7% azalıb

“Kredobank”da əhalinin əmanətlərinin həcmi 7% azalıb
# 25 avqust 2014 13:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin II rübündə “Kredobank” ASC-nin aktivlərinin həcmi 153,968 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,9% artaraq 104,852 mln. manat olub.

Bu il iyul ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 51,760 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 2,9 dəfə çoxdur.

Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 4,479 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4,6 dəfə azdır və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 9% artaraq 23,411 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 96,8% artaraq 31,037 mln. manat təşkil edib. İyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 13,454 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,2% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 11,2% artaraq 54,719 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,8% artaraq 50,540 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,1 dəfə artaraq 10,809 mln. manat, xərcləri isə 2,2 dəfə artaraq 10,291 mln. manata çatıb.

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 518 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 37 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR