“Yeni uşaq mahnıları - 2013” müsabiqəsinin qalib mahnılarının albomu hazırlanır

“Yeni uşaq mahnıları - 2013” müsabiqəsinin qalib mahnılarının albomu hazırlanır
# 08 iyul 2014 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audio diskdən ibarət toplunun tərtibi və buraxılması nəzərdə tutulur. Toplu Bakı və Sumqayıt şəhərlərinin uşaq bağçalarına çatdırılacaq.

Tədbirdə layihənin təqdimatı ilə yanaşı, mədəni irsimizin qorunması, tətbiqi, o cümlədən ibtidai siniflərdə musiqi, texnologiya, təsviri sənət və bədən tərbiyəsi fənlərinin tədrisi ilə bağlı aparılmış monitorinq və araşdırmanın nəticələri təqdim olunub, hazırlanmış təkliflər paketi müzakirəyə çıxarılıb.

Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Dilarə Əliyeva, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, ADPU-nun musiqi alətləri kafedrasının müdiri Minarə Dadaşova tədris prosesində, o cümlədən dərsliklərdəki uyğunsuzluqlar və nöqsanlar haqqında fikirlərini bildiriblər.

Təhsil Problemləri İnstitutunun təmsilçisi Natiq Axundov qeyd edib ki, məktəblərdə musiqi, əmək və idman dərsləri ikinci plana keçib.

Tədbirin sonunda mövcud problemlərin aradan qaldırılması üçün birgə müraciət haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR