Nazirlik: Beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8800 nəfərdən çox uşağına aylıq sosial müavinət ödənilir

Nazirlik: Beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8800 nəfərdən çox uşağına aylıq sosial müavinət ödənilir
# 24 avqust 2015 12:30 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Prezidentinin "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" 27 dekabr 2013-cü il tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, fərmana əsasən, ötən ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Hazırda nazirliyi tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8 810 nəfər uşağına həmin aylıq sosial müavinət ödənilir. Bununla yanaşı, 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkəmizdə 7612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.

Ümumilikdə, cari ilin iyul 1-ə nazirlik tərəfindən aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402 075 nəfər təşkil edib ki, onlardan 85,7%-i aylıq sosial müavinət alanlar olub. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə qurum tərəfindən sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR