Balakəndə iki yeni kənd məktəbinin açılış mərasimi keçirilib

Balakəndə iki yeni kənd məktəbinin açılış mərasimi keçirilib
# 14 sentyabr 2013 13:43 (UTC +04:00)
Balakən – APA. Balakən rayonunun Qullar və Şambul kəndlərində dövlət vəsaiti hesabına inşa edilən orta təhsil məktəblərinin açılış mərasimi keçirilib. Bu il ilk dəfə məktəbə gedən aztəminatlı ailələrin uşaqları məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunub.
Balakən rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu münasibətlə hər iki kənddə tədbir keçirilib. Rayon İcra Hakimiyyəti, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, Qullar kənd 2 saylı tam orta məktəbinin bünövrəsi bu ilin əvvəlində qoyulub. İkimərtbəli, 220 şagird yerlik yeni təhsil ocağında 11 sinif otağı var. Burada müasir tələblərə cavab verən kompüter otağı, fizika və kimya laboratoriyaları, akt və idman zalları, kitabxana fəaliyyət göstərir.
Şambul kəndində inşa edilən 220 yerlik məktəbin bünövrəsi isə bu ilin yanvar ayında qoyulub. İkimərtəbəli yeni təhsil müəssisəsində şagird və müəllimlər üçün hər cür şərait yaradılıb. Açılış mərasimlərində qeyd olunub ki, son 10 ildə Balakən rayonunda 26-dan çox məktəb binası yenisi ilə əvəzlənib. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən iki məktəb inşa edilib. Rayondakı 49 təhsil ocağının əksəri əsaslı təmir edilib. Yaxın günlərdə rayonda daha bir neçə məktəbin açılışı nəzərdə tutulur.
Daha sonra rayon təhsil şöbəsində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrindən və digər imtiyazlı ailələrdən olan və bu il ilk dəfə məktəbə gedən məktəblilərə dövlət vəsaiti hesabına məktəbli formaları və müxtəlif dərs ləvazimatlarının verilməsinə həsr olunmuş tədbir keçirilib.
Rayonun icra başçısı İslam Rzayev tərəfindən 51 məktəbliyə məktəbli forması, o cümlədən kostyum, köynək, ayaqqabı, corab, qalstuk və məktəb ləvazimatları verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR