Mayda Azərbaycanda dövlət ipoteka kreditləşməsi 10% azalıb

Mayda Azərbaycanda dövlət ipoteka kreditləşməsi 10% azalıb
# 11 iyun 2013 11:03 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin may ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 15,21 mln. manat həcmində ipoteka krediti verilib. Bu, 2013-cü ilin aprel ayına nisbətən 9,8% az, ötən ilin may ayına nisbətən isə 1,92 dəfə artıqdır.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, nəticədə, bu ilin ilk 5 ayı ərzində verilən ipoteka kreditlərinin ümumi həcmi 47,27 mln. manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,9% artıqdır.


Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 482,77 mln. manata çatıb. Nəticədə, 2013-cü il iyunun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 49,8 manat olub. Müqayisə üçün bildirək ki, bir ay əvvəl bu rəqəm 48,2 manat təşkil edib.

Mayda AİF tərəfindən 7,91 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk 5 ay ərzində yenidən maliyyələşdirilən kreditlərin həcmi 28,31 mln. manata çatıb. İndiyədək verilən ipoteka kreditlərinin 371,68 mln. manatı və ya 75,99%-i təkrar maliyyələşdirilib. Həmçinin, bu ilin yanvar-may aylarında İpoteka Fondu 26 mln. manatlıq istiqraz buraxıb.


İlin əvvəlindən indiyədək dövlət büdcəsindən ipoteka məqsədləri ilə 20 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR