BMT baş katibi Beynəlxalq sülh günü münasibəti ilə dünya ölkələrinə müraciət edib

BMT baş katibi Beynəlxalq sülh günü münasibəti ilə dünya ölkələrinə müraciət edib
# 20 sentyabr 2013 17:31 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Gi Mun Beynəlxalq sülh günü münasibəti ilə dünya ölkələrinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə Pan Gi Mun münaqişədə həlak olmuş, o cümlədən sağ qalmış, lakin gündəlik iztirab və ağrı-acı içində yaşayan insanları dünyanın hər yerində günorta saatlarında bir dəqiqəlik sükutla yad etməyə çağırırıb:

“Beynəlxalq Sülh Günü qeyri-zorakılığa olan inamımızı və qlobal atəşkəs çağırışını təsdiqləmək üçün bizə düşünməyə əsas verən gündür. Bu il biz sülh naminə təhsil mövzusuna xüsusi diqqət ayırırıq. Təhsil qlobal vətəndaşlığa şərait yaradan və sülhsevər cəmiyyətlərin yaranması üçün həyati əhəmiyyət kəsb edir.

Pakistanda təhsil almaq hüququ uğrunda fəal kampaniya apardığına görə “Taliban” silahlıları tərəfindən həyatına sui-qəsd edilən məktəbli Malala Yousafzai iyun ayında Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı bunları söyləyib: “Bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər”. Bizim ən güclü silahlarımız bunlardır. Məhz buna görə mən ötən il Qlobal Təhsil üzrə Birinci Təşəbbüs irəli sürdüm. Keyfiyyətli təhsil alaraq və dəyərləri öyrənərək qlobal icmanın bir hissəsi olduğunu anlamaq hər bir qız və oğlanın haqqıdır”.

BMT baş katibi müraciətdə qeyd edib ki, hökumətlər və inkişaf tərəfdaşları hər bir uşağın yaxşı bilik əldə etməsinə çalışır: “Təhsil imkanına malik olmayan, bütün dünya uşaqlarının yarısını təşkil edən ölkələr qrupunda yeni müsbət dəyişikliklər müşahidə olunur. Lakin biz daha çox işlər görməliyik. Əlli yeddi milyon uşaq hələ də təhsil almaq imkanından məhrumdur. Milyonlarla uşağın isə daha yaxşı təhsil şəraitinə ehtiyacı var. Ən yoxsul və təcrid olunmuş uşaqların təhsil ala bilməsi üçün cəsarətli siyasi iradə nümayişi və maliyyə öhdəliyinin artırılması tələb olunur. Təəssüf ki, təhsilə ayrılan yardımın miqyası son onillikdə ilk dəfə olaraq aşağı düşüb. Biz bu azalmanın istiqamətini əksinə dəyişməliyik, yeni tərəfdaşlıq əlaqələri qurmalıyıq və təhsilin keyfiyyətinə daha çox diqqət ayırmalıyıq.

Gəlin bu Beynəlxalq Sülh Günündə övladlarımıza dözümlülük (tolerantlıq) və qarşılıqlı hörmət kimi dəyərləri öyrətməyə söz verək. Gəlin adil və ədalətli dünya naminə müxtəlifliyi əhatə etməyi öyrədən məktəblərə və müəllimlərə sərmayə qoyaq. Gəlin sülh uğrunda mübarizə aparaq və bütün gücümüzlə onu müdafiə edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR